Yekaterinburq məhkəməsi azərbaycanlılara 10 ildən 22 ilədək həbs cəzası verilib

Yekaterinburq məhkəməsi azərbaycanlılara 10 ildən 22 ilədək həbs cəzası verilib
6 Mart 2026
Mətni dəyiş

Rusiyanın Yekaterinburq şəhərində yerləşən Kirov rayon məhkəməsi 2001-2011-ci illərdə baş verdiyi iddia edilən qətllərlə bağlı iş üzrə azərbaycanlı diasporun yeddi üzvünü 10 ildən 22 ilədək müddətə ciddi rejimli cəzaçəkmə koloniyasına məhkum edib. Bu barədə “Mediazona” nəşri məlumat yayıb.

Hökmə əsasən, diasporun keçmiş rəhbəri Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər - Bəkir Səfərova 10 il; Məzahir Səfərova 13 il; Şücaəddin Rəcəbova 14 il; Kamal Səfərova 14 il; Ayaz Səfərova 20 il; Akif Səfərova 21 il həbs cəzaları verilib.

İttihama görə, təqsirləndirilənlərin əksəriyyəti 2001, 2010 və 2011-ci illərdə yerli sahibkarlara qarşı törədilmiş qətllər və qətl cəhdlərində iştirak etməkdə günahlandırılıb. İstintaqın versiyasına əsasən, bu cinayətlərin motivi biznesdə təsir dairələrinin bölüşdürülməsi və diaspor daxilində liderlik uğrunda mübarizə olub.

İş münsiflər heyətinin iştirakı ilə qapalı rejimdə araşdırılıb. Münsiflər heyəti Şahin Şıxlinski və Səfərov qardaşlarından Bəkir, Kamal və Məzahiri mütəşəkkil qrup halında qətl törətməkdə təqsirli bilib. Digər təqsirləndirilən şəxslər isə qətl cəhdində günahkar sayılıb.

Məlumata görə, Bəkir Səfərov istintaqla əməkdaşlıq edərək razılaşmaya gedib, digər təqsirləndirilən şəxslər isə özlərini təqsirli bilmədiklərini bildiriblər.

Münsiflər heyəti Şahin Şıxlinskini 2001-ci ildə sahibkar Yunis Paşayevin sifarişli qətlinin təşkilində, həmçinin 2010-cu ildə Fəxruz Şirinova qarşı qətl cəhdində günahkar hesab edib.

İstintaqın məlumatına görə, Paşayev Yekaterinburq küçəsində bıçaqlanaraq öldürülüb. Onun “himayə haqqı” ödəməkdən imtina etdiyi iddia olunur. 2010-cu ildə isə Şirinova qarşı silahlı hücum təşkil edildiyi, lakin killerin tapançasının tutulması səbəbindən qətlin baş tutmadığı bildirilir. Həmin vaxt Şirinov bu hücumun təşkilində Şıxlinskini ittiham edib.

Şahin Şıxlinski başqa bir cinayət işi üzrə də təqsirləndirilir. O, oğlu Mütvəli ilə birlikdə polis əməkdaşına qarşı zor tətbiq etməkdə ittiham olunur.

“E1” nəşrinin məlumatına görə, Sverdlovsk vilayətində təxminən 100 min etnik azərbaycanlı yaşayır. Nəşr Şıxlinskini şəhərdəki “ən nüfuzlu iki azərbaycanlıdan biri” kimi təqdim edib və onun Sverdlovsk vilayəti Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin prezidenti Vidadi Mustafayev ilə münaqişəsi olduğunu yazıb.

Şıxlinski və oğlu ötən ilin iyununda Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən genişmiqyaslı polis reydlərindən sonra saxlanılıb. Həmin əməliyyat zamanı saxlanılan iki nəfər - Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olub. Onlar da Yunis Paşayevin qətlində şübhəli bilinirdilər.

Azərbaycanlı məhkəmə-tibb ekspertləri onların ölüm səbəbinin çoxsaylı xəsarətlər olduğunu müəyyən edib.

Hadisədən sonra Azərbaycan tərəfi günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Bakıdakı səfirinə “qəti etiraz” notası təqdim edib.

Azərbaycan Baş Prokurorluğu isə “Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının xüsusi amansızlıqla iki və daha çox şəxsi işgəncə ilə qəsdən öldürməsi” faktı üzrə cinayət işi açıb.

Bu hadisələr Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşdiyi bir dövrdə baş verib. Gərginliyin səbəblərindən biri 2024-cü ilin dekabrında Aktau yaxınlığında Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin səhvi nəticəsində “Azərbaycan Hava Yolları” təyyarəsinin qəzaya uğraması olmuşdu.

Bundan sonra Bakıda da bir sıra Rusiya vətəndaşları saxlanılıb. Onların arasında “Sputnik Azərbaycan” informasiya agentliyinin direktoru İqor Kartavıx, əməkdaşı Yevgeni Belousov və mütəşəkkil cinayət qruplarında iştirak, İrandan narkotik tranziti və kiber cinayətlərdə şübhəli bilinən bir neçə rusiyalı IT mütəxəssisi də var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun