15 kiloqram narkotik ittihamı ilə həbs olunan Beyləqan sakini il yarımdan sonra bəraət alıb: “Qabırğalarımı sındırdılar”

15 kiloqram narkotik ittihamı ilə həbs olunan Beyləqan sakini il yarımdan sonra bəraət alıb: “Qabırğalarımı sındırdılar”
8 Aprel 2026
Mətni dəyiş

Beyləqan rayonunun İkinci Şahsevən kənd sakini İlkin Cəfərov 15 kiloqram narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunaraq təxminən ilyarım həbsdə saxlanıldıqdan sonra bəraət alıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib və azadlığa buraxılması barədə qərar çıxarıb.

“Azadlıq Radiosu”nun məlumatına görə, 38 yaşlı Cəfərov 10 ildən artıq Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində nizamlayıcı vəzifəsində çalışıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu 2024-cü ilin noyabrında kənd ərazisindəki su kanalında işləyərkən saxlayıb.

Sərhədçilərin iddiasına görə, Cəfərov İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik vasitələri götürmək üçün həmin əraziyə gəlib və saxlanılarkən üzərindən narkotik maddə aşkarlanıb.

İlkin Cəfərov isə ittihamları rədd edərək bildirib ki, o, işi ilə əlaqədar mütəmadi olaraq su kanallarına gedir, suyun verilməsini tənzimləyir və bəzən orada balıq tutur. Onun sözlərinə görə, saxlanıldığı gün də həm iş tapşırığını yerinə yetirmək, həm də balıq tutmaq məqsədilə həmin əraziyə gedib.

Cəfərov iddia edir ki, saxlanılarkən zorakılığa məruz qalıb və ondan narkotik maddəni götürmək üçün gəldiyini etiraf etməsi tələb olunub. 

“Elə tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər məni tutub, əllərimi, gözlərimi bağladılar. Təxminən 50 metr apardılar. Dedilər ki, "bura narkotik götürmək üçün gəlmisən". And-aman etdim ki, mən heç narkotik necə olur, bilmirəm, burada həmişə balıq da tuturam, mal-qara da otarıram. Məni döyməyə başladılar”.

O bildirib ki, fiziki təzyiqlərə dözə bilmədiyi üçün məcburən razılaşmalı olub. Orada gördüklərini danışan Cəfərov deyib ki, torpağın üstündə bir neçə bağlama və bir kisə vardı. Onun sözlərinə görə, sərhədçilərin dediyindən bağlamalarda narkotik olduğunu anlayıb:

"Məni zastavaya gətirib yenə möhkəm döydülər. Tələb bu idi ki, tutulduğum yerə o narkotiki götürmək üçün gəldiyimi deyim. Dəhşətli işgəncələrə dözə bilmədim. Qabırğalarımı sındırdılar. Razılaşandan sonra kisəni də götürdülər, məni maşına mindirib əvvəlki yerə gətirdilər. Orada yerə tökdülər, orada şəkil, video çəkdilər".

İlkin Cəfərovun sözlərinə görə, əvvəlcə hərbi hissədə saxlanılıb, daha sonra Bakıya gətirilərək polis idarəsinin müvəqqəti saxlanma yerində iki gün qalıb. Səhhəti pisləşdiyindən təcili tibbi yardım çağırılıb. Daha sonra Bakı İstintaq Təcridxanasına köçürülən Cəfərovun üzərində çoxsaylı xəsarətlərin olduğu qeydə alınıb.

Cəfərovun işgəncəyə məruz qalması ilə bağlı şikayəti əsasında tibbi ekspertiza təyin olunub və rəyində bədənində xəsarət izləri, o cümlədən qabırğa sınıqları təsdiqlənib. Buna baxmayaraq, prokurorluq cinayət işi başlamaqdan imtina edib.

DSX əməkdaşları isə ittihamları rədd edərək bildiriblər ki, həmin əraziyə narkotik qoyulması barədə əvvəlcədən məlumat alıblar və pusqu quraraq gözləyiblər. Onların sözlərinə görə, Cəfərov kanalı keçərək torba ilə geri qayıdarkən saxlanılıb. Həmçinin qeyd olunub ki, saxlanıldığı yerdə balıqçılıq avadanlığı olmayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi təqdim olunan ifadə və sübutları araşdırdıqdan sonra Cəfərovun ifadələrini daha inandırıcı hesab edib və onun barəsində bəraət hökmü çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun