Ermənistanın Ali Təhsil və Elm Komitəsində “Erasmus+” proqramının milli ofisinin rəsmi açılış mərasimi keçirilib.
“Armenpress”in xəbərinə görə, Milli “Erasmus+ ofisinin koordinatoru Marianna Sarqsyan çıxışında bildirib ki, ofisin açılması milli maraqlı tərəflərlə Avropa tərəfdaşları arasında dialoqu gücləndirir və “Erasmus” proqramlarına çıxışı təmin edir.
Onun sözlərinə görə, milli ofis ali təhsil müəssisələrinə dəstək göstərir, maarifləndirməni artırır və xüsusilə yeni iştirakçılara yönəlmiş fəaliyyət həyata keçirir. Sarqsyan qeyd edib ki, “Erasmus+” həm də milli prioritetlərlə Avropa təhsil mühitini uyğunlaşdıraraq tərəflər arasında əməkdaşlığı inkişaf etdirir.
“Erasmus+ prinsipləri iştirakçılıq, vətəndaş fəallığı və təhsil, elm və idman sahəsində ən yaxşı beynəlxalq təcrübələrə əsaslanır”, - deyə o vurğulayıb.
Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos isə ofisin açılmasının əhəmiyyətini qeyd edərək bildirib ki, “Erasmus+” çərçivəsində Ermənistanda formalaşan icma artıq Avropa İttifaqı ilə ölkənin akademik qurumları arasında körpü rolunu oynayır və insan kapitalına yatırımları təşviq edir.
O, insan kapitalının inkişafına yönəlmiş fəaliyyətin davamlılığının vacibliyini də diqqətə çatdırıb.
“Erasmus+ çərçivəsində təhsil və gənclərlə əməkdaşlıq gələcək münasibətlərimizin ən dayanıqlı sütunlarıdır. Bu, tələbə və müəllim mübadiləsini, gənclərlə iş proqramlarını və təhsil, elm, mədəniyyət və idman sahələrini əhatə edir. “Erasmus+” ofisi daha sıx əlaqələr üçün platforma rolunu oynayacaq və Avropa proqramlarının təqdim etdiyi imkanlardan faydalanmağa şərait yaradacaq”, - deyə Maraqos bildirib.
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan isə “Erasmus+” proqramlarının sektorda islahatların təşviqi baxımından əhəmiyyətini vurğulayıb.
Nazir qeyd edib ki, ölkə Avropa İttifaqı ilə yalnız “Erasmus” deyil, həm də “Horizon Europe” və “Creative Europe” kimi proqramlar çərçivəsində uğurla əməkdaşlıq edir.
Vurğulanıb ki, Milli “Erasmus+” ofisi həmçinin Avropa Komissiyası, Avropa Təhsil və Mədəniyyət üzrə İcra Agentliyi (EACEA) və milli qurumlarla əməkdaşlıq edərək proqramın ali təhsil, peşə təhsili, gənclər və idman sahələrində icrasını dəstəkləyir.
Azərbaycanda isə bir il əvvəl Erasmus+ proqramının həyata keçirilən bütün layihələri qeyri-rəsmi şəkildə dayandırılıb.
Azərbaycandakı Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, ümumi büdcəsi 20 milyon manata yaxın olan beş layihənin dayandırılması ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi mənfi təsir göstərir.
“Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı qeyri-müəyyənlikdən qaynaqlanır və hələlik konkret həll yolu görünmür. Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və çıxış yolu axtarılır”, - deyə o qeyd edib.