Aprelin 3-də “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərlə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Meydan TV əməkdaşları Natiq Cavadlı və Ramin Deko (Cəbrayılzadə) ifadə veriblər.
Natiq Cavadlı ifadəsində həbsini saxta və qurama adlandırıb.
“Bizim həbsimiz siyasi sifariş olduğundan bu cinayət işi saxta və quramadır. Hətta istintaq qrupu bu sifarişdən o dərəcədə eyforiyaya qapılıb ki, plagiata da əl atıb. Həmkarım və dostum Şəmşad Ağa ötən iclaslarda faktlarla həmin plagiatı təsdiqlədi.
Siyasi sifarişə gəldikdə, redaktorum Aynur Elgünəş həbsindən 6 ay əvvəl DTX tərəfindən izlənilib, bu barədə məhkəmə qərarı da olub.
Mənzərə Azərbaycanda 2 amili üzə çıxardı: Hakimiyyətin azad mediaya münasibətini; məhkəmə institutunun icra hakimiyyətindən asılılığını.
Ümumiyyətlə, bizim həbsimizdə yalan və zorakılıq birləşib. Həbsimiz zorakılıqla həyata keçirilib. Yaşadığımız mənzillərdə vəkillərimizin iştirakı olmadan axtarış aparılıb, hökumətaltı mediaya yalan məlumatlar ötürülüb. Ardınca həmin media istintaq sirlərini yenə yalanlar əlavə etməklə yayıb. Hüquq-mühafizə orqanları da istintaq sirrini yaydıqlarına görə onlar barəsində hər hansı sorğu, yaxud izahat tələbi ilə çıxış etməyib.
Yaşadığım mənzildə və olduğum ofisdə maskalı polislərdən vəkilimin çağırılmasını istəsəm də, “bu, xüsusi əməliyyatdır, olmaz” cavabını almışam. İndiyə qədər “xüsusi əməliyyat”ın nə olduğu mənə aydın deyil. Ancaq bir şey aydındır: yalan və zorakılığın çuğlaşması nəticəsində bu sayda jurnalist məhkəmə qarşısındadır.
Birinci yalan “mütəşəkkil dəstə” adlandırılmağımızdır. Bu ifadə özündə nələri ehtiva edir, hansı qanuna əsaslanır? Yoldaş Qafarov bu suala cavab vermədi. Bəs onun Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarından xəbəri varmı? Plenum hesab edir ki, təşkilatçının, təhrikçinin, yaxud köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət sayıla bilməz...
Yoldaş Qafarov deyir ki, mütəşəkkil dəstəyik. Bu, necə mütəşəkkil dəstədir ki, mən Natiq Cavadlı heç vaxt Ülvi Tahirli ilə telefonla danışmamışam, yaxud yazışmamışam...
Bəli, mən hər gün redaktorumuz Aynur Elgünəş, Şəmşad Ağa ilə danışmışam, gündəlik mövzuları müzakirə etmişik. Bu, media orqanının təbii halıdır, planlaşdırma olur.
Telefonlarımız sizdədir, araşdırın...
Bu mənzərə mənə 2025-ci ilin 20 sentyabr tarixində Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun “sizi şübhə əsasında həbs ediblər” sözlərini xatırlatdı...
Yoldaş Qafarov çıxışı boyu “qeydiyyatdan keçməyən, qanunsuz media orqanı Meydan TV” sözlərini tez-tez təkrarlayır...
Bütün bunlar analoqu olmayan Azərbaycan gerçəkliklərindən biridir...
Cənablar, ciddi olun, Azərbaycanı dünyaya güldürməyin...
Tarixin dəyirmanı ləng üyüdür, amma fırlanır...
Əslində, Azərbaycanın gerçək mətbuatı həbsdədir. Bir il ərzində 3 media orqanına – “Abzas Media”, “Toplum TV” və “Meydan TV”yə qarşı repressiya həyata keçirilib...
Bununla qanlı hakimiyyətinizin yalan yayan mediaya ehtiyacı olduğu görünür. Yalan elə bir şeydir ki, öz arxasınca digər şərəfsizliklər gətirir”.
Natiq Cavadlı ifadəsini yekunlaşdırdıqdan sonra dövlət ittihamçısı, vəkillər və digər təqsirləndirilən jurnalistlər ona suallar ünvanlayıblar. O, prokurorun suallarını cavablandırmaqdan imtina edib.
Digərlərinin suallarına cavab olaraq bildirib ki, özü və həmkarlarının həbsinin əsas səbəbi ölkədə azad mətbuatın arzu olunmamasıdır.
Daha sonra jurnalist Ramin Deko ifadə verib:
“Mən cavan bir ölkənin qoca bir vətəndaşıyam. Mənim ölkəmdə insan vaxtından tez qocalır: beli bükülür, təzyiqi düşür, şəkəri qalxır və günlərin bir günü ürək tutmasından vəfat edir. Mənim ölkəmdə hər şey var: neft, qaz, gözəl parklar, füsunkar binalar, qeyri-adi səkilər, cadar-cadar olmuş yollar, hər kənddə, hər qəsəbədə yağışdan sonra Yaponiyadakı adaların sayı qədər əmələ gələn nohurlar. Saymaqla bitməz. Mənim ölkəm həm təbii, həm də süni şəkildə yaradılmış Venesiyadır.
Mənim ölkəmdə hər şeyin qiyməti, özü də rüblük qalxır: neftin, qazın, gözoxşayan evlərin, qəbir daşlarının, siqaretin, ərzağın – və yenə saymaqla bitməz. Mənim ölkəmdə hətta qatığın belə qiyməti qalxır. Qiyməti qalxmayan, dəyəri olmayan yalnız Azərbaycan insanıdır! Bəli, Azərbaycan insanının həyatı devalvasiyaya uğrayıb. Həyatını hər ötən gün kreditlə faiz şəklində ödəyir.
Böyük yazıçı və ədəbi dələduz olan Markez “Tənhalıqda yüz il” əsərində bir nəsilin, bir kəndin yaddaşının itməsindən yazır. Burada nəsil yaddaş pozğunluğu ilə üz-üzə qalır. Hər şeyi unutmağa başlayırlar. Çıxış yolunu divarlara, daşlara, yazılması mümkün olan hər yerə bir əşyanın adını qeyd etməkdə görürlər. Beyinlərindən silinənləri divarlardan qeydlərlə göz yaddaşlarına həkk edirlər. Bir nəfər divara “çörək” və “Allah” sözünü yazır. Eynən Azərbaycan insanının hər gün imtahana çəkildiyi çörək və imdad dilədiyi Allah! Azərbaycan insanını çörəklə sınağa çəkənlər öz Allahını unudanlardır. Və bu adamlar nə daşlara, nə də beyinlərinin bir küncünə “Allah” sözünü həkk ediblər.
Mənim ölkəmdə həm də unudulan ədalətdir. Məhkəmə salonlarında qızılı rəngdə yazılmış “ədalət” sözü haqqında aforizmlər hələ də bir mifdir. Deniz Gezmişin məhkəmədə ədalət yazısına güldüyü bir dünyanın bucağına sıxılmış və unudulmuş insanlarıq. “Qiyamət gününü gözləməyin, o hər gün baş verir” deyən Alber Kamyu bu gün sağ olsaydı “Sizif əməyi” essesindən imtina edər, “Azərbaycan insanı” adlı bir əsər yazardı. Onun Sizifi də, Plutonu da, Merkurisi də elə bizik! “İnsan” dramını yazan Səməd Vurğunun adına küçə bərqərar olan Bakı Ağır Cinayətlər Məhkəməsinin gözəl və abad salonlarında elə gözəl və abadlı hökmlər oxunur. Ona görə burada Roma məhkəmələrinin binaları ətrafında qanad çalan ağ göyərçinlər yoxdur. Bir el məsəlində deyildiyi kimi: pambıqla baş kəsilir. Bu kəsilən başların bir dəyəri olmasa da, cəlladların nüfuzu və qüdrəti hər baş üçün hər dəfə yenilənir.
Bəli, biz bu ölkənin “Tatar çölü”ndəki Covanni Droqolaryıq. Hər sabah yaxşı günün gələcəyi ümidi ilə oyanıb, axşama bir tikə çörək qazanmaq üçün Allahdan imdad istəyənlərik.
…Mən və dostlarım cinayət törətməmişik. Günahımız jurnalist olmağımızdadır. Həqiqətin yanında durduğumuza görə bu gün məhkəmə qarşısındayıq...
Mən ölkəyə 8 min avro pul gətirmişəm... Çantama əlavə 30 min avro pul qoyularaq həbs edilmişəm...
Fakt və fərziyyə var. Fakt budur ki, mən cinayət törətməmişəm. Fərziyyə əsasında məni həbs ediblər...
Saxta cinayət işində 2019-cu ildən 2024-cü ilə qədər 8 dəfə ölkəni tərk etmişəm... Halbuki həmin dövrdə “Meydan TV”də işləməmişəm...
Burada ittiham olunan əksər jurnalistlərlə həbsdən sonra tanış olmuşam...
Bu cinayət işində bizi həbs edəcək tutarlı dəlil görmədim... Bu iş ağıza gələni yazmaqla tərtib olunub! Nuş olsun!”
Ramin Deko da həm prokurorun, həm də hakimlərin suallarını cavablandırmaqdan imtina edib və məhkəmənin müstəqil olmadığını bildirib:
“Qaldırdığımız vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmənin ədalətinə inanmıram. Ona görə də heç bir suala cavab vermirəm”.
Digər jurnalistlər növbəti iclasda ifadə verəcəklərini bildiriblər.
“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa cinayət işində Meydan TV ilə “Bakı Jurnalistika Məktəbi”nə aid hissələrin ayrılması barədə vəsatət qaldırıb.
“Müstəntiq özü də etiraf etdi ki, məbləği böyük göstərmək üçün bu işləri birləşdiriblər. Meydan TV-nin “Bakı Jurnalistika Məktəbi”nə aidiyyəti yoxdur. Elə bil, hansısa ara universiteti ilə “The Washington Post” qəzetinin işlərini birləşdiriblər”.
Məhkəmə bu vəsatəti təmin etməyib.
Aytac Tapdıq (Əhmədova) Bakı İstintaq Təcridxanasında iki nəfər dustağa qarşı işgəncənin şahidi olduğunu bildirib. İşgəncə faktının araşdırılması üçün prokurorluğa sorğu göndərilməsi barədə vəsatət qaldırıb. Jurnalist qeyd edib ki, özü və jurnalist həmkarları Xəyalə Ağayeva və Aysel Umudovaya qarşı təcridxanada zorakılıq faktı da indiyədək araşdırılmayıb:
“Martın 23-dən 24-nə keçən gecə 2 məhbusa bizim pəncərəmizin altındakı gəzinti sahəsində zorakılıq göstərilib. 10-a yaxın təcridxana əməkdaşı 15 dəqiqə boyunca onları qanına qəltan edib. Divarlar, gəzinti sahəsinin döşəməsi qanlar içində idi. Həmin şəxslər adlarının ictimailəşməyini istəmirlər deyə mən adlarını qeyd etmirəm. Onların məruz qaldığı işgəncə araşdırılmalı, Ombudsman təcridxanaya gələrək onlara baş çəkməlidir.
10-a yaxın “debenka” onları qollarını qandallayıb döyərkən bizi də durmadan təhqir edirdi. Biz həmin adamların nəfəsləri kəsilənə qədər döyülməsindən çox sarsılmışıq. Onların məruz qaldığı zorakılığı ictimailəşdirdikdən sonra təzyiq vasitəsi kimi bizi də saxlanıldığımız kameradan çıxarırlar.
Dövlət ittihamçısı 18 fevralda mənim, Aysel Ümüdova və Xəyalə Ağayevanın təcridxanada zorakılığa məruz qalması ilə bağlı niyə səssizdir? O, artıq Novruz tətilindən qayıdıb, bol-bol şəkərbura, paxlava yeyib gəlib. İndi, bir zəhmət, təcridxanaya gəlib izahatlar alınması üçün iş görsün”.
Bu zaman hakim Aytac Tapdığın sözlərini yarıda kəsib və ona xəbərdarlıq etdiyini bildirib.
“Nə edəcəksiniz? Məndən Daxili İşlər Nazirliyinə şikayət edəcəksiniz?”, - jurnalist hakimə cavabında deyib.
“Burada qeyd etdiyim işgəncə faktları araşdırılsın. Döyülən həmin 2 məhbusla bağlı araşdırma başladılsın.
Bizim 18 fevralda məruz qaldığımız zorakılıqla bağlı prokurorluq izahatları almağı nə üçün gecikdirir? Bu işi Avropa İnsan Haqları Məhkəməsinə daşımayaq deyə? Nə etsəniz də şikayətimizi bu məhkəməyə göndərəcəyik”, – Aytac Tapdıq sözlərinə əlavə edib.
Məhkəmə vəsatəti təmin edib və prokurorluğa sorğu göndərilməsi barədə qərar verib.
Ramin Dekonun vəkili Nemət Kərimli isə müvəkkilinin hava limanından keçidi zamanı çəkilmiş görüntülərin əldə olunması barədə vəsatət qaldırıb.
Məhkəmə bu vəsatəti də təmin edib.
Meydan TV-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) II qrup əlildir. Onun vəkili Zibeydə Sadıqova bildirib ki, bir çox məhkəmə binalarında, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsində əlillərin vəziyyəti nəzərə alınmayıb. Məhkəmə binasına gətirilərək, saatlarla burada məhkəmə iclaslarını gözləyən əlillərin tualet istifadəsi ilə bağlı məhdudiyyətlər var. Çünki bunun üçün şərait yoxdur. Hakim Aytən Əliyeva bildirib ki, həqiqətən belə bir problem var və bunun həlli yolları axtarılır.
Ramin Dekonun vəkili Nemət Kərimli hava limanından 6 dekabr 2024-cü ildə müvəkkili Tbilisi-Bakı aviareysi ilə qayıdarkən qeydə alınmış görüntülərin alınması barədə vəsatət verib. Vəkil bildirib ki, həmin vaxt hüquqlarını müdafiə etdiyi şəxs aeroportda yoxlanılıb və üzərində cəmi 8 min avro pul olub. Lakin yolda onu tutublar və üzərindən 38 min avro pul çıxdığı iddia olunub. Bu səbəbdən həmin görüntülərin alınması əhəmiyyətlidir. Məhkəmə hava limanına görüntülərin alınması üçün sorğu göndərilməsi barədə vəsatəti təmin edib.
“Meydan TV işi” üzrə məhkəmə prosesi aprelin 17-də davam edəcək.
Bu iş üzrə jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aytac Tapdıq, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb. Daha sonra Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli və foto-müxbir Əhməd Muxtar da həbs olunub.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürüldüyü, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.
Jurnalistlər ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.