12 il azadlıqdan məhrum edilən siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı ölkədən çıxışına qadağa qoyulduğunu bildirir. O, məhdudiyyəti ona qarşı qaldırılan böhtan iddiası ilə əlaqələndirir.
Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.
Bu barədə Samirə Qasımlı özü açıqlama verib. Onun sözlərinə görə, qadağa Azər Qasımlının işində zərərçəkmiş şəxs kimi tanınan Qurbanəli Yusifovun ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə iddia qaldırması ilə əlaqədardır.
Samirə Qasımlı deyib ki, məsələnin siyasi sifariş olduğunu hesab etsə də, bir neçə gün ictimai şərh verməyib və yalnız məlumat paylaşmaqla kifayətlənib:
“Səbəb bu idi ki, bu gün səhər – aprelin 20-də mənim Avropaya səfərim nəzərdə tutulmuşdu. Özüm üçün müəyyənləşdirmək istəyirdim ki, bu məhkəmə işi Azər Qasımlıya qarşıdır, ailəsini sıxışdırmaqla ona qarşı növbəti təzyiq vasitəsidir, yaxud onun azadlığı uğrunda mübarizə aparan həyat yoldaşına qarşıdır? Çünki mən düşünmüşdüm ki, əgər xaricə gedə bilsəydim, bu proses sadəcə bir psixoloji təzyiq, “başağrısı” kimi əlavə vaxt aparmaq üçündür, yaxud ən pis halda 6 ay müddətinə həbs etməklə Azər Qasımlının həyat yoldaşına bir təzyiq vasitəsi kimi görürdüm. Ancaq əsas müəyyənedici faktor bu idi ki, əgər ölkədən çıxışıma qadağa qoyulsa, o zaman bu, həm də Azər Qasımlının hüquqlarını müdafiə edən, onun azadlığı üçün, eyni zamanda ölkədəki bütün siyasi məhbusların məsələsini qaldıran bir şəxsə qarşıdır”.
Qasımlının sözlərinə görə, onun fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da davam edib və bu, hakimiyyəti narahat edib:
“Buna görə də ölkədən çıxışıma qadağa qoyulub. Bir siyasi məhbus ailəsinin dilindən bu məsələsinin qaldırılmasından, bu fəaliyyətin aparılmasından narahat olublar. Bilirəm ki, Qurbanəli Yusifov əvvəl Azər Qasımlıya qarşı bir alət idisə, indi də mənə qarşı bir alətə çevrilib. Əminəm ki, bəlkə də onun bu məsələdən heç əvvəlcədən xəbəri yox idi. Sadəcə onun qarşısına qoyulub ki, “indi də Samirə Qasımlının üzünə durmalısan””.
Samirə Qasımlı bildirib ki, aprelin 20-də hava limanında ona Daxili İşlər Nazirliyinin (DİN) ölkədən çıxışına qadağa qoyduğu barədə məlumat verilib.
“Halbuki iddia hələ məhkəmə icraatına götürülməyib. Ona görə də prosessual olaraq bu mərhələdə ölkədən çıxışıma qadağa qoyulmamalıdır. DİN-in bu bəhanəylə ölkədən çıxışıma qadağa qoyması artıq o deməkdir ki, fəaliyyətimə qadağa qoyulur”.
Onun sözlərinə görə, iddia üzrə ilk məhkəmə iclası aprelin 24-nə təyin edilib.
DİN və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik münasibət bildirməyib.
Samirə Qasımlı aprelin 17-də Qurbanəli Yusifovun onun barəsində məhkəməyə şikayət etdiyini açıqlayıb. Bildirib ki, Elektron Məhkəmə Sistemindən ona Binəqədi Rayon Məhkəməsinə şikayət daxil olması barədə bildiriş göndərilib.
Şikayətdə Samirə Qasımlının cinayət məsuliyyətinə cəlb olunması tələb olunur. Onun sözlərinə görə, Yusifov onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsini (böhtan) pozmaqda ittiham edir.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və 2026-cı il martın 11-də 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə təqsirli bilinib. İttihama görə, Qasımlı Qurbanəli Yusifovu oğlunu qaçırmaq və atasını öldürmək hədəsi ilə pul verməyə məcbur edib.
Azər Qasımlı ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Foto: Sosial Media