Haqqımızda

AbzasMedia

Abzas Media 2016-cı ildə bir qrup gənc vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilib. Təşəbbüs Azərbaycan dilində informasiya yayan azad və peşəkar xəbər platformasıdır. 

Missiya: Biz innovativ metodlardan istifadə etməklə insanlara Azərbaycan haqqında həqiqətləri çatdırır və ümumbəşəri dəyərləri təbliğ edirik.

Abzas Media korrupsiya araşdırmaları və ictimai əhəmiyyətli məsələlərin işıqlandırılması ilə tanınır. Platformamız innovativ metodlardan istifadə etməklə insanlara Azərbaycan haqqında həqiqətləri çatdırır və ümumbəşəri dəyərləri təbliğ edir. Biz azad sözün, şəffaflığın və ictimai cavabdehliyin qorunmasına sadiqik.

2023-cü il noyabrın 20-dən etibarən “Abzas Media” Azərbaycanda vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmalarından sonra təqiblərə məruz qalıb. Medianın rəhbərliyi və əməkdaşları həbs edilib, Bakıdakı fəaliyyəti dayandırılıb. Hazırda redaksiyamızın altı üzvü həbsdədir:

- Ülvi Həsənli, direktor

- Sevinc Vaqifqızı (Abbasova), baş redaktor

- Məhəmməd Kekalov, direktor müavini

- Nərgiz Absalamova, reportyor

- Elnarə Qasımova, reportyor

- Hafiz Babalı, araşdırmaçı jurnalist

2024-cü ilin mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib. Abzas Media bəyanat yayaraq onunla heç bir əməkdaşlığının olmadığı bildirib.

Jurnalistlərə qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılığı, qanunsuz sahibkarlığı və digər maliyyə cinayətlərini ehtiva edən 8 maddəsilə ittiham irəli sürülüb.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində aşağıdakı hökmlər çıxarılıb:

- Ülvi Həsənli – 9 il

- Sevinc Vaqifqızı (Abbasova) – 9 il

- Məhəmməd Kekalov – 7,5 il

- Nərgiz Absalamova – 8 il

- Elnarə Qasımova – 8 il

- Hafiz Babalı – 9 il

- Fərid Mehralızadə – 9 il

Jurnalistlər barələrində irəli sürülən bütün ittihamları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq insan haqları təşkilatları bu işi siyasi motivli kimi qiymətləndirir və jurnalistlərin dərhal azad olunmasını, bütün ittihamların ləğvini tələb edirlər.

1 may 2025-ci il tarixindən etibarən "Abzas Media”nın müvəqqəti idarəçilik strukturunda yaradılmış direktor və baş redaktor postunu jurnalist Günel Səfərova icra edir.

O, hakimiyyət orqanlarının təqibinə məruz qaldıqdan sonra Azərbaycanda fəaliyyətini dayandıran medianın Almaniyada qərarlaşan redaksiyasına nəzarət edir. Səfərova “Abzas Media”nın redaksiya və administrativ fəaliyyətini mühacirətdə formalaşan peşəkar komanda ilə həyata keçirir.

Biz “Abzas Media”nın rəhbərliyinin və əməkdaşlarının azadlığa buraxılması ilə bağlı Azərbaycanın hakimiyyət orqanlarına çağırış edirik. Peşəkar jurnalist fəaliyyəti həbslərlə, təqiblərlə və digər administrativ maneələrlə üzləşməməlidir. Dövlətin inkişafı və sağlam cəmiyyətin formalaşması üçün müstəqil jurnalistlər öz işlərini azadlıqda və ləyaqətli şəraitdə davam etdirə bilməlidirlər.

Abzas Media vəzifə cinayətlərini əhatə edən korrupsiya araşdırmalarına və sosial problemlərin işıqlandırılmasına davam edir.

 

#azafmediasusdurulabilməz

#journalismisnotacrime

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun