Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanacağını deyir

Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanacağını deyir
14 October 2022
Mətni dəyiş

A. Qriqoryan deyib ki, Azərbaycan qoşunlarının Ermənistan ərazisindən tam çıxarılması məsələsi gündəmdə qalmaqda davam edir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ilin sonunadək Azərbaycanla sülh sazişi imzalanacaq.

Qriqoryan çərşənbə günü axşam Ermənistanın İctimai Televiziyasına müsahibəsində saziş üzrə razılığın əldə olunduğunu açıqlayıb və bildirib ki, Ermənistan və Azərbaycan fəaliyyət qrafiki barədə razılığa gəliblər:

“Sərhədlərin delimitasiyasının aparılması ilə bağlı da razılaşdıq, ancaq müqavilənin və sərhədin delimitasiyasının mexanizmləri hələ razılaşdırılmayıb”, - deyə katib bildirib. 

Qriqoryan deyib ki, Azərbaycan qoşunlarının Ermənistan ərazisindən tam çıxarılması məsələsi gündəmdə qalmaqda davam edir. 

Oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəldikləri görüşdən sonra da İlham Əliyev oxşar fikirləri demişdi: 

“Əgər tezliklə qərar qəbul olunarsa, iki ölkənin işçi qrupları sülh sazişinin mətni üzərində işləməyə başlayacaq, biz ilin sonuna qədər razılığa gələ bilərik. Deməliyəm ki, bizim elan etdiyimiz beş prinsiplə bağlı heç kimin – nə Ermənistan tərəfinin, nə də Avropa İttifaqının sualı yoxdur” - Əliyev deyib.

Bu ilin əvvəlində Azərbaycan Ermənistana bir-birinin ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı “ərazi iddialarının” dayandırılması da daxil olmaqla, sülh sazişi üçün beş bəndlik təklif göndərib - beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyinə təhdidlərə son qoyulması, sərhədlərin demarkasiyası və diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiya xətlərinin açılması.

Həmçinin, Praqada hər iki ölkə lideri Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının həyata keçirilməsi barədə razılığa gəliblər.

Praqada keçirilən görüşlər və Aİ müşahidəçilərinin sərhəddə yerləşdirilməsi ilə bağlı razılaşma Rusiyanın narazılığ ilə  qarşılanıb.  Rəsmi Kreml Aİ-ni sülh prosesində onları kənara qoymağa çalışmaqda ittiham edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü erməni həmkarı ilə görüşündə bəyan edib ki, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) indi Ermənistana öz müşahidə missiyasını göndərməyə hazırdır.

Ermənistanın xarici işlər naziri isə KTMT müşahidəçiləri ilə bağlı təklifə cavab verməyib.

Çərşənbə günü axşam Qriqoryan da Lavrovun bəyanatına qarşı çıxıb və vəziyyətin normallaşdırılması üçün KTMT-nin hər hansı “konkret addımları” barədə məlumatı olmadığını deyib.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Related News

Subscribe to stay updated