Aİ Ermənistan-Azərbaycan sərhədində 2 illik monitorinq missiyası yaradır

Aİ Ermənistan-Azərbaycan sərhədində 2 illik monitorinq missiyası yaradır
25 January 2023
Mətni dəyiş

Ermənistanın tələb etdiyi mülki missiya “müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyət haqqında məlumat verəcək”

Avropa İttifaqı “sərhəd bölgələrində sabitliyə töhfə vermək” üçün Ermənistanda yeni mülki monitorinq missiyasının yerləşdirilməsini təsdiqləyib. Bu barədə Avropa İttifaqının yaydığı bəyanatda bildirilir. 

Bazar ertəsi açıqlanan sənəddə deyilir ki, missiya bölgədə etimad yaradacaq və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün əlverişli mühiti təmin edəcək. 

İrəvanın tələb etdiyi mülki missiya “müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyət haqqında məlumat verəcək”. Baş qərargahı Ermənistanda yerləşən Avropa İttifaqının həmin ölkədəki missiyasının (EUMA) iki illik mandatı olacaq. 

Yerləşdiriləcək şəxsi heyətin sayı hələ rəsmi olaraq açıqlanmayıb. Ötən həftə "Politico" nəşri bu missiyanın 100-ə qədər üzvünün olmaq ehtimalını, AzadlıqRadiosu isə 200 nəzarətçinin yerləşdirilə biləcəyini bildirib.

Missiya 2022-ci ilin sentyabrında iki ölkə arasında baş vermiş müharibədən sonra Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən Aİ-nin iki aylıq monitorinq missiyasını əvəz edəcək.

Missiya 2020-ci il İkinci Dağlıq Qarabağ müharibəsindən bəri təxminən 2000 Rusiya sülhməramlısının yerləşdiyi Dağlıq Qarabağda fəaliyyət göstərməyəcək. Ötən həftə Avropa Parlamenti Dağlıq Qarabağdakı Rusiya qüvvələrini əvəz etmək üçün BMT mandatlı sülhməramlı missiyanın yaradılmasını tələb edən qətnamə qəbul edib.

Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, missiya "Aİ-nin Cənubi Qafqazdakı fəaliyyətinin yeni mərhələsini" təmsil edir:

"Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək və regionda davamlı sülhün əldə edilməsinə nail olmaq üçün hər iki tərəflə yaxından işləməyə sadiqdir". 

Xəbər İrəvan tərəfindən müsbət qarşılanıb.

Amma Aİ müşahidəçilərinin iştirakı Moskvada bir o qədər də isti qarşılanmayıb. Yanvarın 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov şikayət edib ki, Ermənistan KTMT-nin sülhməramlılarının yerləşdirilməsi əvəzinə “Avropa İttifaqı ilə mülki müşahidəçi missiyasının yerləşdirilməsinə üstünlük verir”. Lavrov AB-nin missiyasını "zərərli" adlandırıb, bunun “əlavə gərginlik yarada biləcəyini” iddia edib.

Prezident İlham Əliyev yanvarın 19-da Davosda Hollandiyanın baş naziri Mark Rutte ilə görüşündə Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Related News

Subscribe to stay updated