Mədəniyyət nazirinin tapşırığı ilə "Azdrama"dan işçilərin çıxarıldığı bildirilir

Mədəniyyət nazirinin tapşırığı ilə "Azdrama"dan işçilərin çıxarıldığı bildirilir Foto: sosial media
7 November 2023
Mətni dəyiş

Bədii heyətdən 2 nəfər olmaqla ümumilikdə 10-a yaxın şəxsin işdən çıxarıldığı bildirilir

“Direktor İlham Əsgərov və bədii rəhbər Mehriban Ələkbərzadə ilə görüşdüm. Dedilər, mədəniyyət nazirindən məktub almışıq, pensiya yaşına çatanları çıxartmalıyıq. Dedim, axı mənim pensiya yaşım olsa da, mən səhnəyə çıxmıram, yazıçıyam, dramaturqam. 45 ildir bu sahədə çalışıram. Mütəxəssisə bu cür münasibət olar?! Gördüm yox ey, heç cür mümkün deyil”- bu sözləri 10 ilə yaxındır işlədiyi Akademik Milli Dram Teatrından (“Azdrama”) çıxarılan teatrşünas Çingiz Ələsgərov deyir.

Teatrşünas deyir ki, işdən çıxarılması onun dolanışığına təsir edəcək:

“Mənim oradan başqa gəlir yerim yoxdur, 1060 manat alırdım. Yaşa görə 500 manata qədər pensiya da almağa başlamışam, indi onunla dolanacam.  İndi heç Mədəniyyət Nazirliyindən də zəng edib soruşmurlar ki, nə oldu, necə oldu? Səadət Qarabağlıya da deyiblər ki, sənlə işləmək mümkün deyil, o da işdən çıxıb. Teatırın Bədii Şurası var, amma kollegial fəaliyyəti yoxdur. Özümə olan haqsızlığı qəbul etmirəm”, – deyə Çingiz Ələsgərov bildirib.

Akademik Milli Dram Teatrınnın (“Azdrama”) mətbuat katibi Cavid Zeynallı Abzas Media-nın sorğusuna cavab olaraq bildirib ki, Çingiz Ələsgərlinin və Səadət Qarabağlının əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb.

“Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin. 65 yaşına çatmış işçinin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbidir. Fəhlə, mühəndis, dərzi, kostyumçu olmaqla bəzi işçilərin də əmək müqaviləsinə yaşla əlaqədar xitam verilib” – deyə o, bildirib.

Mədəniyyət Nazirliyindən suallarımıza cavab almaq mümkün olmayıb.

Related News

Subscribe to stay updated