Əxlaqsızlıq tələb edən reytinq haqqında

Əxlaqsızlıq tələb edən reytinq haqqında Foto: Yaşar Xudiyev
12 March 2023
Mətni dəyiş

“Bu şəhərdə virus yayılıb...”

“Qarabağın sabiq oyunçusu bu kluba keçəcək...”

“Pike onunla sevgilidir...” 

“Bu rayonda ayı kişini parçaladı...”

Xəbərlərə qoyulan belə əndrəbadi sərlövhələr, kobud ifadə etsək, hər şeyi öz adıyla çağırsaq, oxucu, tamaşaçı tutmaq üçündür. Saytlar belə əndrəbadi sərlövhələrlə oxucularda xəbərlərə qarşı  maraq oyatmağa çalışırlar. İstəyirlər oxucu xəbərin məzmunu ilə maraqlansın. Oxucu xəbəri açanda görsün ki, hansı şəhərə virus yayılıb. Qarabağın sabiq oyunçusu bundan sonra hansı klubda oynayacaq. Pike indi kimlə sevgilidir. Hansı rayonda ayı kişini parçalayıb...

Başqalarının adından danışa bilmərəm, amma şəxsən mən, oxucu tutmaq üçün qoyulmuş belə əndrəbadi sərlövhələrə, oxucu tələlərinə tamamilə etinasız münasibət göstərirəm. Daha doğrusu, belə əndrəbadi sərlövhələri, oxucu tələlərini hər şeydən əvvəl bir oxucu kimi özüm üçün təhqir hesab edirəm  və acığa, qəsdən belə əndrəbadi sərlövhələr qoyulmuş xəbərləri oxumuram. Dostlarımı, tanışlarımı, əyani və qiyabi tanıdığım bütün insanları belə əndrəbadi sərlövhələr qoyulmuş xəbərləri oxumamağa, oxucu tələlərinə tamamilə etinasız münasibət göstərməyə çağırıram. Onu da qeyd edim ki, özünə hörmət edən sayt, özünə hörmət edən televiziya, özünə hörmət edən media orqanı  belə əndrəbadi sərlövhələri, belə kobud, bəsit oxucu tələlərini yaxına buraxmamalıdır. 

Adi günlərdə, təbiri caizsə, adi mövzularda əndrəbadi sərlövhələrə, oxucu tələlərinə laqeyd qalmaq asandır. Amma həssas mövzularda, ağır günlərdə saytların xəbər, yazı sərlövhələrinə oxucu tələləri yerləşdirməsini həzm etmək çətindir. Nə mənada? İndi məsələni  bacardığım qədər sadə formada izah etməyə çalışacağam.

Həssas mövzularda, ağır günlərdə saytların, televiziya kanallarının oxucu, tamaşaçı  tutmaq hərisliyi adamı dərindən düşünməyə məcbur edir. Uzağa getməyək, Türkiyədə baş vermiş zəlzələni götürək. Böyük faciə baş verib, on minlərlə insan dağıntılar altında qalıb, on minlərlə insan həyatını itirib, on minlərlə insan soyuq, qarlı, şaxtalı   havada evsiz-eşiksiz qalıb, minlərlə ailələr məhv olub, saytlar, televiziyalar isə bu faciənin içində reytinq axtarışına çıxıblar. 

Sərlövhəyə fikir verin: 

"Dağıntılar altından xilas edilən uşaq görün nə istədi" 

"Dağıntılar altından xilas edilən qadın görün nə dedi".

Gedib bu xəbəri yazan jurnalisti, bu xəbəri sayta buraxan redaktoru danışdırsan, qardaşlıqdan, insanlıqdan, mərhəmətdən segah oxuyacaq, amma fakt budur ki, faciədən, bədbəxtlikdən, əzabdan, qandan reytinq qazanmaq istəyirlər. Başa düşürəm, reytinq insanı əxlaqsızlığa, bəşəri hissləri tapdalamağa, mənəviyyatın, ləyaqətin üzünə tüpürməyə vadar edir, lakin hər şeyin bir həddi, hər şeyin bir sərhədi olduğu kimi, insan əxlaqsızlığının da bir həddi, bir sərhədi olmalıdır. 

İnsanlar orda əzab çəkir, insanlar soyuq, qarlı, şaxtalı havada evsiz-eşiksiz qalıblar, yaxınlarını, doğmalarını itiriblər, sən isə bu faciənin içində reytinq axtarışına çıxmısan, tamaşaçı, oxucu tutmaq hayındasan. Bunun adı əxlaqsızlıq, mənəviyyatsızlıq, ləyaqətsizlik deyilsə, bəs nədir?

Ümumiyyətlə, faciədən, bədbəxtlikdən, əzabdan, qandan  oxucu , tamaşaçı tutmağı, reytinq yığmağı bir insan özünə necə sığışdırır? Faciədən, bədbəxt hadisədən oxucu, tamaşaçı tutmağı, reytinq yığmağı bir insan necə özünə rəva görə bilir? Yəni, hər şey bu qədər ucuzdur? Yəni, doğurdanmı, hər şeyi, bədbəxt hadisəni, faciəni də belə asanlıqla alverə, ticarətə çevirmək mümkündür? Bəs adamlıq, insanlıq, mərhəmət, mənəviyyat, əxlaq hara getdi? Axı bütün hallarda biz insanıq və dini, irqi, milli, cinsi  mənsubiyyətimizdən asılı olmayaraq bu ada hər bir şəraitdə mümkün qədər, heç olmasa kibrit çöpünün başı boyda layiq olmağa çalışmalıyıq. Faciədən, bədbəxtlikdən, qandan, əzabdan oxucu, tamaşaçı tutan, reytinq yığmağa çalışan insan, indi sənin müsəlmanlıqdan, ləyaqətdən, mənəviyyatdan, nə bilim, mərhəmətdən danışmağına necə inanaq? Görünən dağa nə bələdçi? Əgər sən faciədən, bədbəxtlikdən oxucu, tamaşaçı tutmaq, reytinq yığmaq istəyirsənsə, deməli, sənin mərhəmətdən, müsəlmanlıqdan, qardaşlıqdan danışmağın tipik riyakarlıq, tipik artistlikdir.

***

Sosial şəbəkələr hər kəsə tanınmaq, məşhurlaşmaq imkanı yaradıb. Bu imkan, reytinq yığmaq, tanınmaq, məşhurlaşmaq hərisliyi insanların gözünü o qədər tutub ki, insanlar tanınmaq, reytinq yığmaq, məşhurlaşmaq üçün artıq  doğmalarının da ölümündən istifadə etməyə başlayıblar. Atanın, ananın, ərin, arvadın, qardaşın, bacının, övladın ölümü, meyiti, tabutu, qəbiri tanınmaq, reytinq yığmaq, məşhurlaşmaq üçün butaforiyaya çevrilib. Ta əminin, dayının, xalanın, bibinin ölümündən, meyitindən, tabutundan, qəbrindən istifadə edənlərdən danışmıram. Atasının, anasının, ərinin, arvadının, bacısının, qardaşının  tabutuyla, övladının qəbri ilə (bəli, belələri də var ) selfi çəkdirən, doğmalarının yas yerindən canlı reportaj verən adamların sayı günü-gündən artır və yəqin ki, getdikcə daha da sürətlə artacaq. Ata, ana, qardaş, bacı, ər, arvad, övlad ölür... Ata, ana, qardaş, bacı, ər, arvad, övlad  itkisindən istifadə etmək istəyənlər, tanınmaq, məşhurlaşmaq, reytinq yığmaq hərisliyi gözlərini tutmuşlar tez sosial şəbəkələrə girib yazırlar: 

“Anam öldü, məhv olmuşam, sarsılmışam, darmadağın olmuşam...” 

“Atam öldü, həyatım, günəşim söndü...” 

“Həyat yoldaşım öldü, canımın yarısın itirdim...” 

“Qızım öldü, arzularım ürəyimdə qaldı...”

Ay qardaş, ay bacı, axı sən necə sarsılmısan, axı sən necə məhv olmusan ki, bu soxasoxda, bu vurhavurda, iki daşın arasında, bu həngamədə sosial şəbəkələrə girib yaxın, doğma adamın ölümünü camaata təsirli sözlərlə, təsirli cümlələrlə bəyan edirsən. Bu necə sarsılmaqdı, bu necə məhv olmaqdı? Sən, həqiqətən də, sarsılmısansa, sən, həqiqətən də, məhv olmusansa, atanın, ananın, bacının, qardaşının, ərinin, arvadının, övladının ölümü səni, həqiqətən də, darmadağın edibsə, bəs tez sosial şəbəkəyə daxil olmağı necə bacarmısan? Əgər əzab çəkirsənsə, məhv olmusansa, “Facebook”, “TikTok”, “Tvitter”, “İnstaqram” haradan,  necə, hansı yollarla, hansı vasitələrlə yadına düşüb?  

Bu dəhşətli məzhəkələr adamın ürəyin bulandırır. Xeyir, şər, faciə, bədbəxtlik, sevinc hissi öz mahiyyətin, məzmunun itirməkdədir. Kimin həqiqətən kədərləndiyinə, kimin həqiqətən sevindiyinə inanmaq üçün müşahidələr aparmalısan. Buna isə nə vaxt, nə enerji, nə də həvəs var.

Fürsət, imkan yaranıbsa, mövzu açılıbsa, tanınmaq, məşhurlaşmaq, reytinq yığmaq üçün təlxəklik, meymunluq edənlər barəsində də iki-üç cümlə  yazmaq pis olmaz. Eşşək boyda adamlar, ağsaqqal kişilər, ağbirçək arvadlar, sözün həqiqi mənasında, təlxəklik, meymunluq etməklə məşğuldurlar. Mənə çox maraqlıdır, bu adamlar övladlarından, nəvələrindən, qonşularından, qohumlarından, yaşlarından, başlarından utanmırlar? Görünür, bir qram da utanmırlar. Utansalar, təlxəklik, meymunluq etməzlər. Niyə qohumlar, qonşular arasından bir ağıllı, bir abırlı adam çıxıb könüllü meymunluq, təlxəklik  edənləri danlamır? Niyə qohumlar, qonşular arasından  bir ağıllı, bir abırlı adam çıxıb demir ki, ay ağbirçək, ay ağsaqqal, ay əmi, ay xala, ay baba, ay nənə, bu nə meymunluqdu, bu nə təlxəklikdi sən edirsən? Ayıb deyil? Niyə yaşından, saçından, çəkindən utanmırsan? Görünür, könüllü təlxəklik, meymunluq edənlərin qonşuları, qohumları, övladları  arasında bir ağıllı, bir abırlı adam yoxdur. Hətta,  yəqin ki, könüllü meymunluq, təlxəklik  edənlərin qonşuları, qohumları, övladları onlarla fəxr edirlər. Ayrı cürə olsaydı, bu qədər adam könüllü meymunluq, təlxəklik etməzdi. 

Biri eşşək kimi anqırır, biri keçi kimi mələyir, biri dombalaq aşır, biri arvadının başına qarpız qabığı çırpır... Tanınmaq, reytinq yığmaq üçün könüllü meymunluqla, təlxəkliklə məşğul olanların tərbiyə etdiyi uşaqlar böyüyəndə necə olacaqlar? Meymunluq, təlxəklik edən eşşək boyda adamlardan, ağsaqqallardan, ağbirçəklərdən, yekə-yekə kişilərdən, yekə-yekə arvadlardan uşaqlar, yeniyetmələr  nə öyrənəcəklər? Hansı əxlaqı, hansı tərbiyəni  əxz edəcəklər?

Bu total həyasızlığın, meymunluğun, təlxəkliyin, bu total düşüklüyün  axırı hara gedib çıxacaq?  Bunu adam heç təsəvvür belə etmək istəmir.

Günlər keçdikcə bu sözün nə qədər dəqiqliklə deyildiyini daha dərindən dərk etməkdəyəm: 

"Hər dövrün öz fövqəl insanı var. Bizim dövrün də fövqəl insanı sosial şəbəkələrdən asılı olmayan insandır".

Həqiqətən də, sosial şəbəkələrdən asılı olmamaq, informasiyadan asılı olmamaq, informasiyanın içində olmamaq, reytinqdən, oxucu, tamaşaçı sayından  asılı olmamaq bizim dövrümüzdə böyük xoşbəxtlikdir.

Seymur Baycan

AbzasMedia

Related News

Subscribe to stay updated