Gürcüstanın parlamentə daxil olan ən böyük müxalifət partiyaları parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edərək oktyabrın 28-dən “qalıcı” etiraz aksiyaları elan ediblər
İlkin rəsmi nəticələr göstərir ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası kiçik üstünlüklə qalib gəlib. Müşahidəçilər və parlamentə daxil olan müxalif partiyalar seçkilərin pozuntularla müşayiət olunduğunu və nəticələri legitim hesab etmədiklərini bildiriblər.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 54 faiz, Dəyişiklik Koalisiyası 11 faiz, “Birlik – Milli Hərəkat” 10 faiz, “Güclü Gürcüstan” 9 faiz və keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası 8 faiz səs toplayıb.
“Current Times”ın yazdığına görə, “Gürcü arzusu” Tbilisidə və ölkənin digər iri şəhərlərində (Rustavi, Kutaisi, Batumi və Salencix), eləcə də xaricdəki seçki məntəqələrində 50 faizdən az səs toplayıb.
Hakim partiya xarici ölkələr üzrə ən çox səs faizini Azərbaycandan toplayıb – 89,23 faiz. İkinci sırada 59,72 faizlə Ermənistan, üçüncü sırada isə 49,15 faizlə Qazaxıstan yer alıb.
“Dəyişiklik Koalisiyası”nın lideri Nika Qvaramiya “Gürcü arzusu”nu konstitusional çevrilişdə ittiham edib və seçki saxtakarlığına dair sübutları dərc edəcəyinə söz verib.
“Seçkilər oğurlanıb. Bu, konstitusional çevrilişdir. “Arzu” konstitusiya çevrilişinin müəllifidir və Gürcüstan qanunvericiliyinə uyğun olaraq, məsuliyyətə cəlb olunacaq. Biz seçkilərin necə oğurlanmasının sxemini deşifrə etdik”, – deyə Qvaramiya qeyd edib.
Eks-prezident Mixail Saakaşvilinin partiyası “Birlik-Milli Hərəkat” da parlament seçkilərinin nəticələrini tanımayıb.
Daha sonra müxalifət partiyalarından ibarət “Güclü Gürcüstan” koalisiyası da seçkilərin nəticələri ilə razılaşmadığını bəyan edib. Liderlərdən biri Anna Dolidze mətbuat konfransında deyib ki, “nəticələr gürcü xalqının iradəsini əks etdirmir”.
“Bu rəqəmlər Gürcüstandakı tarixi və indiki seçkilərə ziddir, biz gürcü xalqının demokratik və avropalı seçimini qorumaq üçün bütün qanuni vasitələrdən istifadə edərək, hər bir səs üçün mübarizə aparırıq. Biz heç kimin bu seçimi əlimizdən almasına icazə verməyəcəyik”, – deyə Dolidze vurğulayıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze qeyd edib ki, müxalifətin etirazlarına baxmayaraq, Gürcüstan hökuməti təsdiq olunacaq: “Müxalifətin heç bir resursu yoxdur, parlamentin ilk iclası həmişəki kimi keçiriləcək, hökumət təsdiqlənəcək”.
Gürcüstan prezidenti Salome Zurabişvili də keçirdiyi xüsusi mətbuat konfransında parlament seçkilərinin rəsmi nəticələrini tanımadığını bildirib.
Zurabişvili deyib ki, bu seçkilərin tanınması “Rusiyanın işğalı və Gürcüstanın buna tabe olması” demək olacaq.
“Mən ölkəyə bunun üçün gəlməmişəm və biz bunu qəbul etməyəcəyik, heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz”, – prezident bəyan edib.
Zurabişvili müxalifət tərəfdarlarını bazar ertəsi axşam mitinqlərə çıxmağa çağırıb. Bu açıqlama müxalifətin əsas siyasi partiyaları ilə məsləhətləşmələrdən sonra verilib.
Bazar günü səhər saatlarında ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-dan olan beynəlxalq müşahidəçilərin birgə missiyası bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, Gürcüstanda səsvermə “qeyri-bərabər oyun şərtlərində, gərgin atmosferdə, təzyiq altında keçib”.
Müşahidəçilər səsvermə prosesinin ümumən yaxşı təşkil olunduğunu qeyd etməklə yanaşı, hazırkı “gərgin vəziyyət” və “qeyri-bərabər şərait”in seçkinin nəticələrinə inamı sarsıtdığını da bildiriblər. Nəticədə, birgə bəyanatdan məlum olduğu kimi, Gürcüstanda seçki prosesi beynəlxalq demokratik prinsiplərə kifayət qədər uyğun olmayıb.
ATƏT qeydə alınmış səslərin satın alınması, təkrar dəfə səsvermə, fiziki zorakılıq və hədə-qorxu hallarını pisləyib. Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Antonio Lopez-İsturiz Uayt qeyd edib ki, hakim “Gürcü arzusu” partiyası seçkilər ərəfəsində düşmənçilik ritorikasından istifadə edib, həmçinin “səsverməni pozmaq və manipulyasiya etmək” məqsədilə “Rusiyanın dezinformasiyasını” və müxtəlif sui-qəsd nəzəriyyələrini təbliğ edib.
Eyni zamanda, ATƏT missiyasının rəhbəri Paskal Alizar seçici fəallığının yüksək olmasını və müxtəlif partiyalardan olan müşahidəçilərin çoxluğunu qeyd edib ki, bu da onun fikrincə, sistemin böyüməsi və inkişafının göstəricisidir.
“Demokratiya mütləq inkişaf prosesindədir”, – “Azadlıq Radiosu”nun gürcü xidməti Alizardan sitat gətirib.
ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanda keçirilən seçkilərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilib ki, “beynəlxalq müşahidəçilər seçkilərin nəticələrini azad və ədalətli kimi tanımayıblar”.
Blinkenin sözlərinə görə, Birləşmiş Ştatlar beynəlxalq normaların pozulmağını pisləyir və beynəlxalq və yerli müşahidəçilərin bütün seçki pozuntularının tam araşdırılması çağırışına qoşulur.
“Gürcüstanın güclü demokratiyası 2004-cü ildən ölkənin güc mənbəyi olub və belə də qalır. Seçkilərdə iştirak gürcü xalqının demokratiyaya sadiqliyini nümayiş etdirir. Bununla belə, 2024-cü ildə beynəlxalq və yerli müşahidəçilər hakim partiyanın ictimai resurslardan sui-istifadəsi, səslərin satın alınması və seçicilərin hədələnməsi ilə müşahidə olunan seçki mühitindən bəhs ediblər. Bütün bunlar qeyri-bərabər oyun şərtlərinə töhfə verib və ədalətli seçkinin mümkünlüyünə ictimai və beynəlxalq inamı sarsıdıb.
Beynəlxalq və yerli müşahidəçilər seçki gününün ümumən yaxşı idarə olunmağı ilə bağlı razılığa gəlsələr də, biz pozuntular və bəzi zorakılıq halları barədə xəbərləri qeydə aldıq. Beynəlxalq müşahidəçilər nəticələri azad və ədalətli elan etmədilər.
Biz Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, fundamental azadlıqlara xələl gətirən qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaq üçün birgə işləməyə çağırırıq. Gürcüstanın ölkə konstitusiyasında təsbit olunmuş Avropa və Avro-Atlantik inteqrasiya məqsədləri hökumətdən vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının əsas azadlıqlarına hörmət etməyi tələb edir”, - deyə ABŞ dövlət katibinin bəyanatında qeyd edilib.
Gürcüstan baş nazirinin ofisi Macarıstanın baş naziri Viktor Orbanın oktyabrın 28-29-da Gürcüstana səfər etmək niyyətində olduğunu açıqlayıb. Orban “Gürcü arzusu”nu şənbə günü keçirilən seçkilərdə qələbə münasibətilə təbrik edən ilk xarici lider olub. O, bunu ilk rəsmi səsvermə nəticələri açıqlanmazdan əvvəl edib. Qərb mediası Orbanı Putinin Avropadakı sonuncu dostu adlandırır.