Bəşir Süleymanlı: “Məhkəmədə sözümü kəsməklə müdafiə hüququmu pozurlar”

Bəşir Süleymanlı: “Məhkəmədə sözümü kəsməklə müdafiə hüququmu pozurlar”
18 July 2025
Mətni dəyiş

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbsdə üzləşdiyi problemlərdən yazıb. 

“Gözətçi” yazır ki, o, bu məlumatı yaxınları vasitəsilə yayıb.

Bəşir Süleymanlı bildirib ki, iyulun 16-da həbs müddətinin uzadılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda hakim Emin Əliyev ona qarşı qeyri-peşəkar və aqressiv münasibət sərgiləyib.

Süleymanlının sözlərinə görə, hakim iclas boyunca onun sözünü dəfələrlə kəsib və çıxış etməsinə imkan verməyib:

“Bu, mənim ifadə azadlığımın və özünü müdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır”, – deyə hüquq müdafiəçisi qeyd edib.

Bəşir Süleymanlı həmin hakimin davranışından Məhkəmə-Hüquq Şurasına və Ombudsman Aparatına şikayət edəcəyini açıqlayıb.

Süleymanlı, həmçinin məhkəmə binalarında məhbusların saxlanıldığı şəraiti də tənqid edib. O bildirib ki, məhkəməyə gətirilən məhbuslar saatlarla dar və havasız otaqlarda saxlanılır:

“40-50 nəfər məhbus, o cümlədən müxtəlif xəstəliklərdən əziyyət çəkənlər 2-3 saat bir otaqda gözləməyə məcbur edilir. Bu, ciddi sağlamlıq problemlərinə səbəb olur”.

Bəşir Süleymanlı istintaq təcridxanasında ona göndərilən qida və ərzaq məhsullarının ciddi yoxlamalardan keçdiyini və bu səbəbdən istifadə üçün yararsız hala düşdüyünü bildirib.

“Mənə göndərilən süd məhsulları açıq qabda verilir. Belə halda məhsul tez xarab olur və biz onu atmağa məcbur qalırıq”.

Süleymanlı əlavə edib ki, bəzi ərzaq məhsullarının verilməsi qadağan edilmədiyi halda, ona təqdim olunmur:

“Məsələn, göndərilən kofeni mənə vermirlər”.

Bundan əlavə, Süleymanlı təcridxana rəhbərliyinin ona göndərilən kitabları da vermədiyini deyib.

O hesab edir ki, bütün bu məhdudiyyətlər onun müdafiə hüququnu və insani şəraitdə yaşamaq hüququnu pozur.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı martın 14-də “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay ilə birlikdə saxlanılıb. Onunla eyni gündə "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və "Media Hüququ" İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılıb. Onların mənzillərində axtarış aparılıb. Sonradan Xalid Ağəliyev sərbəst buraxılıb.
 
Elə həmin gün Məmməd Alpay və Bəşir Süleymanlı barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
 
Martın 17-də "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
Aprelin 9-da bu iş üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində də 3 ay 4 gün həbs qətimkan tədbiri seçilib.
 
İyulun 9-da onların həbs müddəti daha 3 ay uzadılıb.
 
Onlar hamısı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
 
Bu iş üzrə Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli, ictimai fəal Aytac Ağazadə ölkədə olmadıqlarına görə, onlar barəsində qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
 
İş üzrə cəlb olunan bir neçə QHT rəhbəri və üzvü istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Related News

Subscribe to stay updated