Ermənistan “Dağlıq Qarabağ nümayəndəliyi” binasının qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət edib

Ermənistan “Dağlıq Qarabağ nümayəndəliyi” binasının qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət edib
18 July 2025
Mətni dəyiş

Ermənistan Baş Prokurorluğu Yerevanda yerləşən tanınmamış “Dağlıq Qarabağ nümayəndəliyi”nin binasının mülkiyyət hüququnun qeydiyyatının ləğvi üçün məhkəməyə iddia qaldırıb.

Baş Prokurorluğun məlumatına görə, bu hüquq 2007-ci il yanvarın 31-də verilib.

“OC Media” yazır ki, Baş nazir Nikol Paşinyanın iyulun 17-də keçirdiyi mətbuat konfransı ərəfəsində bu hüquqi iddia barədə məlumat yayılıb. Baş nazir jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırarkən bildirib ki, “bu, Ermənistana məxsus olmalı olan əmlakdır”.

“Mən açıq demişəm: Ermənistan Respublikasının daxilində ikinci bir dövlətin olmasına icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj anlaşılacaq. Əks halda dövlət tədbir görməlidir”, – deyə Paşinyan vurğulayıb.

Rəsmi Yerevan tanınmamış “Dağlıq Qarabağ”ın Ermənistanda mühacir hökumət qurması təşəbbüslərinə qarşı çıxır və bunun Azərbaycan üçün Ermənistana qarşı hərbi əməliyyatlar üçün bəhanəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edir.

2023-cü ilin noyabrında Ermənistan parlamentinin sədri Alen Simonyan mühacir hökumət qurulmasını “Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbə” adlandırmışdı.

Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal xarakterli antiterror əməliyyatları keçirib və separatçı qurum bir gün içində təslim olub. Bundan sonra tanınmamış “Dağlıq Qarabağ”ın rəhbəri Samvel Şahramanyan bölgənin və onun bütün institutlarının ləğvi barədə fərman imzalayıb.

Lakin Yerevandakı nümayəndəlik binası tanınmamış “Dağlıq Qarabağ”ın keçmiş “rəsmiləri” üçün əsas toplanma yeri olaraq qalır. Bildirilir ki, qaçqınlar da müxtəlif problemlərlə bağlı həmin binaya üz tuturlar.
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “dövlət naziri” Artak Beqlaryan “Azadlıq Radiosu”na açıqlamasında Ermənistan hökumətinin bu addımını “siyasi sifariş” adlandırıb.

“Bu, sürpriz deyil, gözlənilən idi. Paşinyan və İlham Əliyev birlikdə Artsaxla (Qarabağ) bağlı hər şeyi məhv edirlər. Paralel olaraq Əliyev Artsaxın dövlət institutlarının binalarını Xankəndidə dağıdır. İndi isə Paşinyanın hökuməti Artsaxın Yerevanda yerləşən yeganə binasını da əlindən almaq istəyir”, – deyə Beqlaryan bildirib.

O, bu addımın qeyri-qanuni olduğunu və Azərbaycan tərəfinin tələbi ilə atıldığını, eyni zamanda, “Paşinyanın siyasi kursuna uyğunlaşmayan keçmiş “Dağlıq Qarabağ rəhbərliyi”nə qarşı qisas aktı” olduğunu iddia edib.

Related News

Subscribe to stay updated