"Meydan TV"nin həbsdə olan jurnalistləri: "Saxta cinayət işinə daha bir saxtakarlığın əlavə olunmasına qarşıyıq"

"Meydan TV"nin həbsdə olan jurnalistləri: "Saxta cinayət işinə daha bir saxtakarlığın əlavə olunmasına qarşıyıq" Foto: Meydan TV
15 August 2025
Mətni dəyiş

“Meydan TV”nin həbsdə olan əməkdaşları bəyanat yayaraq bildiriblər ki, bu prosesə media qurumu ilə heç bir əlaqəsi olmayan şəxslər də cəlb edilib.

Onların sözlərinə görə, xüsusilə Bakı Jurnalistika Məktəbinin (BJM) təmsilçisi Ülvi Tahirovun "Meydan TV" ilə bağlılığı yoxdur, həbsinə səbəb isə qurumun baş redaktoru Aynur Elgünəşlə dostluğudur.

Nəşrin saytında yayımlanan bəyanatda qeyd olunur ki, istintaq "Meydan TV" ilə bağlı nəticə əldə edə bilmədiyi üçün indi BJM-in fəaliyyəti və maliyyəsi ilə bağlı suallar verir, "Meydan TV" ilə əlaqəsi göstərilməyən sənədlər əsasında ifadələr almağa çalışır.

Jurnalistlər bildirirlər ki, BJM 20 il ərzində yüzlərlə jurnalist yetişdirib, lakin "Meydan TV" ilə heç bir işgüzar əlaqəsi olmayıb.

“"Meydan TV"nin də bir neçə əməkdaşı, o cümlədən baş redaktoru həmin məktəbin məzunlarıdır. Baş redaktor Aynur Elgünəşlə Ülvi Tahirovun dostluğu da BJM-də başlayıb. Aynur Elgünəş 2009-2011-ci illərdə bu məktəbin nəzdində olan “ var.az “ saytının baş redaktoru olub, ictimai jurnalistikadan təlimlər verib. 2014-cü ildən başlayaraq məktəb profilini dəyişib və multimedia üzrə təlimlər keçirilib. Aynur Elgünəş fərqli (çap mediası) ixtisaslaşdığı üçün təlimlər dayandırılıb və işgüzar əlaqələri kəsilib. Ancaq mənəvi bağları səbəbindən vaxtaşırı BJM-in ofisinə, Ülvi Tahirovun yanına gedib. Onun təlimçi kimi çalışdığını son 10 ildə  BJM-in məzunu olmuş istənilən jurnalist təsdiqləyə bilər. Hətta bu cür olmasa belə, Aynur Elgünəşin hansısa quruma şəxsi bağlılığı "Meydan TV"nin həmin qurumla bağlılığı deyildir”, - bəyanatda deyilir.

Jurnalistlər bildirir ki, istintaq orqanı tərəfindən BJM-in fəaliyyəti ilə bağlı hazırlanan, mənşəyi bəlli olmayan sənədlər üzərindən 1 milyon civarında vəsaitin əldə olunması görüntüsü yaradılır:

“Yenə də eyni xətlə 80 min manata yaxın vergidən yayınma ittihamı nəzərdə tutulub. Halbuki bütün “yükləmələr”, saxta sənədlər hesabına əldə edilən rəqəm heç 160 min manatı keçmir ki, bu da həbs olunan 11 nəfər üçün gülünc məbləğdir. Ona görə də BJM-in qrant layihələri alması iddiası və həmin məbləğlərin nisbəti götürülərək (daha çox uydurularaq) həbslərə əsas yaradılır. Ancaq bunu o qədər səriştəsiz və savadsız şəkildə edirlər ki, adam bir daha əmin olur – məqsəd nədə ittiham etmək deyil, həbs etməkdir”.

Bəyanatda Şəmşad Ağa, Natiq Cavadlı, Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülviyyə Əli və Nurlan Libre kimi BJM ilə əlaqəsi olmayan jurnalistlərin də saxta sənədlər əsasında cəzalandırıldığı vurğulanır.

Jurnalitlər bir daha onlara qarşı irəli sürülən heç bir ittihamı qəbul etmədiklərini, və həbslərinin fəaliyyətləri ilə bağlı olduğunu deyirlər:

“Biz həmçinin onsuz da saxta açılmış cinayət işinə daha bir saxtakarlığın əlavə olunmasına qarşıyıq. Biz siyasi hakimiyyətdən özümüzə qarşı ləyaqətli davranış tələb edirik! Bir daha bəyan edirik ki, BJM ilə "Meydan TV" arasında heç vaxt işgüzar münasibət olmayıb, əksini sübut edəcək heç bir sənəd, sübut yoxdur. Buna görə də BJM işinin "Meydan TV"dən ayrılmasını tələb edirik”.

Sonda onlar jurnalistika fəaliyyətinin cinayət olmadığını vurğulayırlar.

“İctimaiyyət üçün siyasi şou yaradan hakimiyyətə deyirik ki, gözləntiləriniz fiaskoya uğrayıbsa, bunu başqa bir saxtakarlıqla kompensasiya etməyin. Bizim əməlimizdə cinayət tərkibi yoxdur. Jurnalistika cinayət deyil!”- bəyanatda bildirilir.

***

"Meydan TV" jurnalistləri ötən ilin dekabrında keçirilən polis əməliyyatı nəticəsində saxlanılıblar. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, onlar "qaçaqmalçılıq" faktı ilə bağlı aparılan istintaq çərçivəsində tutulublar.

Daha sonra jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.

Dekabrın 8-də Xətai Rayon Məhkəməsində jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onların həbs müddəti daha sonra bir neçə dəfə artırılıb.

Bu ilin fevral ayında daha üç jurnalist - fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı "Meydan TV işi" ilə bağlı saxlanılıb.

Mayın 7-də isə jurnalist Ülviyyə Quliyeva (Əli) bu iş üzrə həbs edilib.

Jurnalistlər ittihamları qəbul etmir, qaçaqmalçılıq ittihamının əsassız olduğunu və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Related News

Subscribe to stay updated