Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
“Toplum TV” yazır ki, hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib.
İzzətli çıxışında 15 sentyabrın Azərbaycanda Bilik Günü kimi qeyd edilməsinə toxunaraq ittihamları “ölkədəki ədalətsizliyin və təhsilsizliyin nəticəsi” adlandırıb.
“Femida Azərbaycandakı məhkəmələri görsə, göz yaşı tökər. Nə müdafiəçilərimiz, nə də hakimlər aqibətimizi bilirlər. Hamı Prezident Administrasiyasından gələcək qərarı gözləyir”, – o bildirib.
İzzətli hökumətlə şəxsi ədavətlərinin olmadığını, yalnız cəmiyyət naminə fəaliyyət göstərdiklərini vurğulayıb və ictimaiyyəti dəstəyə çağırıb:
“Əlində smartfon olan hər kəs bizə dəstək olsun. Biz azad torpaqlara qayıda bilməyən məcburi köçkünlər, Rusiyada 5 qəpik qazanmaq üçün gedib döyülən azərbaycanlılar və Kürdəxanı təcridxanasında şərlənənlər üçün vuruşuruq”.
O, həmçinin “AzTV” və “İctimai TV”yə müraciət edərək “qarayaxma kampaniyasına son qoymağa” və məhkəmə proseslərini işıqlandırmağa çağırıb.
İzzətli 2020-ci ilin mayından 2021-ci ilin iyuluna qədər hərbi xidmətdə olduğunu xatırladaraq, ittiham aktında qeyd edilən “sürücüyə maaş verməsi” iddiasını təkzib edib:
“İttiham tərəfi desin, mən hansı hərbi maşında özümə sürücü tutmuşam?”
O, həmçinin ittiham aktında iməcilikdə çəkilmiş fotonun göstərildiyini bildirərək, “İməcilikdə iştirak cinayətdirmi?” sualını verib.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli evində keçirilən axtarış zamanı sübut kimi təqdim olunan pul vəsaitini polisin “atdığını” bildirib və pulun sübutlar siyahısından çıxarılması üçün vəsatət qaldırıb.
Vəkil Zibeydə Sadıqova Ələsgər Məmmədli və jurnalist Fərid İsmayılovun səhhətlərini əsas gətirərək onların ev dustaqlığına buraxılmasını istəyib. Lakin hakim vəsatəti təmin etməyib və təqsirləndirilənlərin təcridxanada tibbi yardımla təmin olunduğunu qeyd edib.
Fərid İsmayılov Ombudsmanın prosesləri müşahidə etməsi üçün vəsatət verib. Dövlət ittihamçısı isə bunun yalnız təqsirləndirilənlərin birbaşa müraciəti ilə mümkün olduğunu deyib.
Videoredaktor Müşfiq Cabbar isə təyin edilən ekspertizaların saxta rəylər verdiyini bildirib:
“Evimə pul atılanda əlimi belə vurmadım ki, iz qalmasın. Amma ekspertiza pul zərfində barmaq izimi tapdığını iddia etdi. Hansı ekspertizadan söhbət gedir?”.
Növbəti məhkəmə iclası sentyabrın 22-nə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Həbs olunanlar arasında “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, platformanın üzvü Ruslan İzzətli, İDİ əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov var.
Jurnalist Elmir Abbasov isə polis nəzarətinə verilib.
Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 2024-cü il yanvarın 17-də isə daha ağır ittihamlar elan olunub.
“Toplum TV” isə baş verənlərin peşə fəaliyyətləri ilə birbaşa bağlı olduğunu açıqlayaraq işi müstəqil mediaya qarşı basqı kimi qiymətləndirib.