Vəkil Fəxrəddin Mehdiyev bir illik fasilədən sonra yenidən vəkillik fəaliyyətinə başlayır.
Bu barədə Abzas-a vəkilin özü məlumat verib. Onun sözlərinə görə, yanvarın 22-də Vəkillər Kollegiyasının Rəyasət heyətində olub. Ona bildirilib ki, yanvarın 23-dən fəaliyyətinə başlaya bilər.
F.Mehdiyevin sözlərinə görə, onun real olaraq işə başlaması bir həftə çəkə bilər. Belə ki, vəkilin fərdi qaydada fəaliyyət göstərdiyi üçün, yeni orderlərin sifarişi və çapı bir müddət vaxt aparacaq.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən il yanvarın 22-də Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinin bir illik dayandırılması haqda qərar çıxarıb.
Fəxrəddin Mehdiyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin mətbuatda dərc olunmuş müsahibəsinə görə cəzalandırılıb.
Yerli saytlarda dərc edilən müsahibədə Cahangir Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin məlum iclasında Cahangir Hacıyevin digər vəkili Aqil Layıcovun da məsələsi müzakirə olunub. Özünün iştirakı olmadan ona töhmət verilib. Vəkilləri istintaq sirrini yaymaqda günahlandırılıb.
Vəkil həmin iş üzrə məhkəmə hökmünün qüvvəyə minməsini bildirərək, heç bir istintaq sirrinin olmamasını əsas gətirərək məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi onun xeyrinə qərar çıxarmayıb. İş hazırda apellyasiya instansiyasındadır.
Fəxrəddin Mehdiyev vəkilllik fəaliyyəti dayandırılan günə kimi Cahangir Hacıyevlə yanaşı, bir sıra ictimai-siyasi fəallar, “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Seymur Həziyev, Əli Kərimlinin qaynı Elnur Seyidov, blogger Mehman Hüseynov, AXCP Rəyasət heyətinin üzvü Asif Yusifov, AXCP üzvü Murad Ədilov və digər məhbusların vəkili olub.
Vəkil kollegiyadan uzaqlaşdırıldığı bir ərzində bəzi müvəkilləri tamamilə müdafiəsiz qalıb.