“Azərenerji” ASC-nin sədri Balababa Rzayevin qardaşına məxsus şirkət dövlət vəsaitini tendersiz alıb.
28 ildən sonra Qarabağda Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. 26 oktyabrda baş tutan açılışda Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. İlham Əliyev çıxışında hava limanının inşasının cəmi 8 ay çəkdiyini söyləyib:
“İnşa işlərini Azərbaycan və Türkiyə şirkətləri görüb. Bu, bizim birgə uğurumuzdur”, - prezident deyib.
Əvvəlcə hava limanı haqqında...
İstifadəyə hazır olduğu bildirilən Füzuli Hava Limanının tikintisinə 2021-ci ilin yanvarında başlanıb.
Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perronun sahəsi isə 60 min kvadratmetrdir.
Elə həmin ərəfədə, hava limanının tikintisinə başlanılan 2021-ci ilin yanvarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Fuzuli Airport" MMC-ni (“Fuzuli Airport” MMC 35 milyon manatlıq kapital ilə dövlət qeydiyyatına alınıb | marja.az) dövlət qeydiyyatına alıb. Füzuli Hava Limanının idarəçiliyi bu şirkətə həvalə olunub. 35 milyon manatlıq nizamnamə kapitalı olan "Fuzuli Airport" MMC-nin qanuni təmsilçisi açıqlanmır. Şirkətin qeydiyyatdan keçdiyi ünvan (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan prospekti, ev 21) “Silk Way Holding” MMC-yə daxil olan bir neçə şirkətin qeydiyyat ünvanı ilə eynidir.
Ayrılan və xərclənən vəsait
2021-ci ilin dövlət büdcəsində hava limanının tikintisinə nə qədər vəsait ayrıldığı barədə ayrıca qeyd yoxdur. Təkcə ümumi məbləğ bəllidir: Qarabağda görüləcək işlərə bu ilin büdcəsindən 2,2 milyard manat ayrılıb. Vəsaitin necə bölüşdürülməsi barədə hər hansı açıqlama verilmir.
Ancaq Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, 2020-ci ildə Füzulidə tikinti-quraşdırma işlərinə 65 milyon 293 min 700 manat, 2021-ci ilin ilk 6 ayında isə 74 milyon 901 min 200 manat xərclənib.
Komitə rəqəmləri sifarişçi təşkilatların məlumatları əsasında hazırladığını bəyan edib.
Füzuli Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı Dövlət Satınalmalarının saytında hər hansı tenderə rast gəlinmir.
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Füzuliyə olan sınaq uçuşu zamanı jurnalistlərə açıqlamasında Hava limanının tikintisinin neçəyə başa gəldiyi sualına “hələ tikinti bitməyib və rəqəm bəlli deyil”, - cavabını verib.
Artıq tikintinin bitdiyi elan edilib. Amma “Azərbaycan Hava Yolları” QSC işlərin neçəyə başa gəlməsi, tender keçirilib-keçirilməməsi, hava limanında hansı şirkətlərin işləməsi, onların necə seçilməsi və s. ilə bağlı göndərdiyimiz sorğuya cavab verməyib.
Hava limanının tikintisində iştirak edən şirkətlər
Füzuli Hava Limanının tikintisində iştirak edən şirkətlərin adı rəsmən açıqlanmayıb. Bircə uçuş-enmə zolağının inşasını "AzVirt" MMC şirkətinin həyata keçirdiyi məlumdur. İyunda prezident İlham Əliyev hava limanında işlərin gedişatı ilə maraqlananda onun suallarını "AzVirt" şirkətinin qanuni təmsilçisi Kamil Əliyev cavablandırıb və gördükləri işlər barədə məlumat verib.
[caption id="attachment_113211" align="aligncenter" width="1200"] Füzuli hava limanının tikintisində iş görən şirkətlər[/caption]
Füzuli Hava Limanına sınaq uçuşu keçirildiyi gün isə Kamil Əliyev jurnalistlərə bildirib ki, onun şirkəti yalnız uçuş enmə zolağı və onun ətrafındakı tikinti işlərini aparıb:
“Həmin işlərin neçəyə başa gəldiyini yalnız sifarişçidən öyrənə bilərsiniz. Binanın tikintisini başqa şirkətlər həyata keçirib. Eyni zamanda, tikintidə Türkiyə şirkətləri də iştirak edib. Onlar hava limanının işıqlandırma və naviqasiya sistemlərin qurublar”.
AED Group (Azeurodecor LLC) Füzuli Hava Limanında binanın içinin təmiri, tamamlama işlərini görüb.
Şirkət daha öncə Heydər Əliyev Mərkəzi, 28 Mall Ticarət Mərkəzi, SOCAR Tower, Milli Olimpiya Komitəsinin layihələrinin dizayn, logistika və planlaşdırma işlərinin həyata keçirilməsində iştirak edib.
Şirkətin əsas müştəriləri SOCAR, “Paşa Construction”, Gilan Holding və başqa şirkətlərdir.
Hökumət və əksər şirkət nümayəndələrindən sorğularımıza cavab ala bilmədiyimizdən yolumuzu 20-22 oktyabrda Bakıda keçirilən “Rebuild Karabakh” sərgisindən saldıq.
Ekranda Füzuli Hava Limanında gördükləri işləri yayımlayan “AzVirt” MMC-nin baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri Ceyhun Səfərov deyib ki, onlar təkcə, Füzulidə yox, Zəngilan və Laçın hava limanlarının tikintisində də iştirak edəcəklər. O, hava limanlarındakı iş sifarişini Azərbaycan Hava Yolları QSC-nin verdiyini bildirib. Tenderin nə zaman keçirildiyi sualına isə “Siz bunu sifarişçidən soruşun. O barədə məlumatsızam. İqtisadi məsələlər belədir ki, hər bir şirkətin özünün maliyyə hesabatı olur. Hər il bizim saytımızda yerləşdirilir. Bu ilin hesabatı ilə il sonu saytımızdan tanış ola bilərsiniz. Sahibkarın tam hüququ var ki, öz kommersiya maraqlarını qorusun”, - cavabını verib.
Sərgidə öyrənirik ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisində həm də “Sika” şirkətinin məhsullarından istifadə olunub. Şirkətin satış meneceri Mirsaleh Hüseynov deyib ki, hava limanında onların izolyasiya materiallarından, beton qatqılarından yararlanıblar.
O, iş üçün tenderdən nə qədər vəsait aldıqlarını xatırlamır. Bəs “Qarabağla bağlı ən son iştirak etdiyiniz tenderdə nə qədər vəsait əldə etmisiniz” - sualına isə Mirsaleh Hüseynov belə cavab verib:
“Bu, sırf şirkətdaxili məsələ, biznes sirridir, açıqlamalar verə bilməyəcəm. Söhbət yüksək vəsaitdən gedir. Ayrılan vəsaitin bəlli bir hissəsi də bizim materialların alışına və orada tətbiqinə sərf olunub. Son hesablamalarımıza görə, yarım milyonu aşan rəqəmlərdən söhbət gedir”.
Dövlət Satınalmalarının saytında isə “Sika” şirkətinin Qarabağla bağlı hər hansısa tenderdə iştirakını göstərən məlumat yoxdur.
“Azərenerji” sədrinin qardaşına məxsus şirkət Füzuli Hava Limanında nə iş görüb?
[caption id="attachment_113203" align="aligncenter" width="1200"] “Göknur Bakı LTD” şirkətinin qanuni təmsilçisi Rahib Rzayev “Azərenerji” ASC-nin sədri Balababa Rzayevin qardaşıdır[/caption]
“Füzuli, Zəngilan və digər hava limanlarının, ümumiyyətlə, açılan, təmir olunan, yenidən qurulan müəssisələrin “Göknur”un kabellərinə tələbatı olduğu üçün istehsalımız daha da artır”- deyir, “Göknur Bakı LTD” şirkətinin koorpotariv partnyorlarla iş üzrə koordinatoru Orxan Abdullayev.
Orxan Abdullayev deyir ki, Azərbaycan bazarında 70-80 faiz paya sahibdirlər:
“Bütün dövlət, qeyri-dövlət, strateji, qeyri-strateji obyektlərdə “Göknur”-un istehsal etdiyi kabellərdən istifadə edilib”.
Araşdırmalarımız zamanı məlum olur ki, 2003-cü ildə yaranan “Göknur Bakı LTD” şirkətinin qanuni təmsilçisi Rahib Rzayev “Azərenerji” ASC-nin sədri Balababa Rzayevin qardaşıdır. Onların hər ikisi Zirə qəsəbəsində, eyni ünvanda qeydiyyatdadırlar.
Füzuli Hava Limanında iş görmək üçün sifarişçilərinin hansı dövlət qurumu olduğunu soruşuruq.
“Bizim sifarişçimiz... ad olaraq təəssüf ki, məxfilik prinsipini qoruyub... Odur ki, kim olduğunu deyə bilməyəcəm. Tərəflər arasında müəyyən bir müqavilə imzalanır və müqavilədə alış-satış prosesi həyata keçirilir. Yəni tam dəqiq deyim, məxfi sayılmasa da, ən azından kim sifariş edib onu demək bir az düzgün çıxmır ki...”, - Orxan Abdullayev deyib.
Tenderdə nə qədər dövlət vəsaiti qazandıqlarına gəlincə, təmsilçi bu barədə məlumatının olmadığını bildirib.
“Göknur Bakı LTD” Şirkətinin satış meneceri Ramin Mustafayev isə bildirib ki, onlar Füzuli Hava Limanına lazım olan kabelin yalnız bir qismini təmin ediblər. Sifarişi isə Füzuli Hava Limanı MMC-dən alıblar:
“Bütün kabelləri biz verməmişik. Bir qismini təmin etmişik və bu, çox xırda bir şey olduğu üçün də tender keçirilməyib. Həm də təcili idi, tələsirdilər. Odur ki, birbaşa materialları istədilər, biz də verdik”.
Ramin Mustafayev verdikləri material müqabilində nə qədər vəsait əldə etdikləri ilə bağlı suala cavab verməyib.
“Azertexnolayn” şirkətinin satış şöbəsinin rəisi Zaur Vəliyev deyir ki, Füzuli Hava Limanının bütün quyu qapaqlarını onların zavodu istehsal edib. Quyu qapaqları dedikdə kanalizasiya sistemlərinin, rabitə, elektrik, yağış sularının axıdılması üçün drenaj xəttinin qapaqları da onların istehsal edib satdıqları məhsullardır. Zaur Vəliyev deyir ki, “Azəravtoyol”-un podratçı şirkətləri ilə işləyirlər:
“Normalda hökumətin bütün sifarişlərini hər hansı podratçılara tender yolu ilə ötürürlər. Həmin o podratçılara biz mallarımızı təqdim edirik. Dolayısı ilə bizim mallarımız dövlət layihələrində istifadə olunur, sadəcə alışını birbaşa dövlət yox, podratçılar edir”.
Söhbət iş üçün alınan vəsaitə gəlincə, şirkət nümayəndəsi bu barədə dəqiq məlumat verə bilməyəcəyini deyib:
“Əslində sahibkarlarla dövlət arasında bu necə nizamlanır, onun detallarını mən dəqiq deyə bilmərəm, amma bu dəqiqə üçün zavodumuz tam gücü ilə fəaliyyət göstərir”.
Şirkət nümayəndəsi onu da bildirib ki, Qarabağdakı işlərlə əlaqəli olaraq 20-dən çox tenderdə qalib olublar. Quyu qapaqları ilə bağlı ölkədə bazar payları isə 90 faizin üzərindədir.
Tikintidə iştirak etmiş türk şirkətləri hansılardır?
Hava limanının tikintisinin layihə rəhbəri Selim Akbay Füzuliyə sınaq uçuşu zamanı jurnalistlərə açıqlamasında deyib ki, aeroportu 12 türk şirkəti inşa edib. Ancaq o da şirkətlərin adları və ya onların necə seçilməsi barəsində məlumat verməyib.
Hava limanı sistemlərinin qurulmasını UBS Airport Systems, isitmə, havalandırma və kondisioner, yanğından mühafizə və digər bu cür işləri DESK YAPI Elektromekanik Taahhüt A.Ş., dam montajını Koniküre LTD şirkəti edib.
Hava limanının struktur və detal mühəndisliyi işini Milatek Mühendislik və Müşavirlik Şirkəti görüb. Şirkətdən gördükləri işlə bağlı bütün detalları saytlarında yerləşdirdiklərini bildiriblər:
“Hər şeyi qeyd etmişik. Müştəri, görülən işlə bağlı məlumat var”.
Şirkət işin neçəyə başa gəlməsi ilə bağlı sualımıza cavab verməyib.
Rəsmi saytda isə şirkət iş sifarişini Tork Çelik şirkətindən aldıqlarını qeyd edib.
Tork Çelik Taahhüt İnşaat Sanayi Dış Ticaret Limited Şirkəti isə hava limanının metal, çelik konstruksiya işlərini həyata keçirib.
Şirkətin rəsmisi Tamer Tanrıverdinin verdiyi məlumata görə, hava limanında ümumilikdə 1000 tonluq metal, çelik konstruksiya işləri görüblər. Tenderə gəlincə, şirkətin nümayəndəsi “ASG Construction”-un elan etdiyi tenderə qatılıb, qalib gəldiklərini deyib:
“Sərf olunan və qazanılan vəsaitlə bağlı açıqlama vermək isə bizim tərəfimizdən uyğun olmaz. Bunun üçün əsas şirkət olan “ASG Construction”-a müraciət edin”.
“ASG Construction"
“ASG Construction” “Aviation Services Group” şirkətinin daxilində yaradılmış 6 şirkətdən (ASG Business Aviation, ASG Construction, ASG Ground Handling, ASG Helicopter Services, ASG Sky Catering, ASG Logistics & Supply) biridir.
Aviation Services Group MMC 2019-cu ilin noyabrında yaranıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Teymur Namik oğlu Məmmədovdur.
Teymur Məmmədov həmçinin, İpək Yolu Sığorta və Azal Sığorta şirkətlərinin direktorlar şurasının sədridir.
“İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.
Şirkətin nizamnamə kapitalı 2019-cu ildə 14,77 mln. manat olub. Səhmlərinin 38,74 faizi AZAL prezidentinin qızları Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74 faizi Məlahət Cahangir qızı Əsgərovaya, 19,05 faizi “Silkway Airlines” şirkətinə, 3,47 faizi isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.
[caption id="attachment_113201" align="aligncenter" width="1200"] "İpək Yolu Sığorta" şirkətinin səhmlərinin pay bölgüsü[/caption]
Teymur Məmmədov 2019-cu ilin dekabrınadək həm də “Silkway Holdinq” MMC-yə daxil olan “Silk Way Aviaşirkəti” MMC-nin direktoru olub. 2019-cu ilin sonunda onu Rəhim İslamov əvəz edib.
Report yazır ki, dəyişikliyə səbəb Teymur Məmmədovun həmin ilin noyabrında holdinqin yaratdığı “Aviation Services Group” MMC-nin rəhbərliyinə gətirilməsidir. Məlumatda bildirilir ki, o, həm də holdinqə daxil olan “Silk Way Insurance” ASC-nin Direktorlar Şurasının sədridir.
Teymur Məmmədov 2020-ci ilin iyununda göstərdiyi xidmətlərə görə, Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı da alıb.
Cavabsız qalan suallar...
Füzuli Hava Limanının dam montajını edən Koniküre MMC şirkətinə layihə ilə bağlı göndərdiyimiz sorğuda işi görmək üçün hər hansı tenderdə iştirak edib, etmədiklərini, hava limanında hansı işləri gördüklərini və görülən işin neçəyə başa gəldiyini soruşmuşuq.
Koniküre LTD-nin qurucu ortağı, inşaat mühəndisi Hunberk Kanıbellinin verdiyi cavabda Füzuli Hava Limanında iş gördükləri inkar edilmir. İşi necə aldıqlarına gəlincə, şirkət sahibi bildirir ki, daha öncə Azərbaycanda gördükləri başqa işlər bəyənilib və zaman-zaman yeni sifarişlər alıblar. Hunberk Kanıbelli işlə bağlı hər hansı tenderdə iştirak etmələri və işi nə qədər məbləğə görmələri ilə bağlı suallardan yayınıb.
Koniküre LTD daha öncə (2012-ci il) Heydər Əliyev Mərkəzinin tikintisində və Quba Hava Limanının layihələndirilməsində, idarəetməsində iştirak edib.
Türkiyə şirkətlərinin hər birinə işi hansı şərtlərlə aldıqları, iş üçün hər hansı tenderdə iştirak edib-etməmələri ilə bağlı sorğu göndərilib. Onlardan bəziləri sorğulara cavab verməyib.
Tenderlə bağlı məlumatlar niyə yoxdur?
Dövlət satınalmaları üzrə ekspert Vüqar Hüseynov deyir ki, adətən tender müsabiqəsi ilə bağlı etender.gov.az saytında elan yerləşdirilir. Həmçinin sonda həmin tenderin qalibi ilə bağlanmış müqavilələr də saytın qeydiyyat bölümündə yayımlanır. Elanın olmaması müsabiqə keçirilməməsinin göstəricisidir:
“Qapalı tender isə təcrübədə nadir hallarda rast gəlinir. Barmaqla sayılacaq qədər az olur. Qanunda bir mənbədən satınalma üsulu var. Təcili alış lazım olanda o metoddan istifadə edilir. Ancaq şirkətlər, dövlət təşkilatları bunu özbaşına edə bilmir, antiinhisar xidmətindən izin alırlar”.
Ekspert düşünür ki, tikinti hətta müsabiqə ilə keçirilsə belə, burada rəqabətliliyin olduğunu demək olmaz:
“Çünki bizim ölkəmizdə rəqabət mühiti məhduddur. Tenderdəki süni rəqabətlər formal xarakter daşıyır. Tender qalibləri bir yana, uduzan şirkətləri də açıqlasalar, hansı ki, saytda açıqlanır, görərsiniz ki, bizdə tenderlər formal keçirilir, yəni rəqabət olmur”.
İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hava limanlarının tikintisinə nə qədər vəsait ayrıldığı və ya xərcləndiyi açıqlanmayıb. Sadəcə bu ilin büdcəsindən təmir-bərpa ayrılan vəsait məlumdur. Bu rəqəm 2 milyard 300 milyon manatdır:
“Bu vəsaitin yarım milyarddan bir az çoxu istifadə edilib. İl sonunacan bir çox istiqamətlər üzrə büdcədən ayırmaların açıqlanması gözlənilir. Təəssüf ki, hər bir layihənin ayrıca büdcəsi barədə məlumat almaq mümkün deyil”.
İqtisadçı bildirir ki, növbəti ildə Hesablama Palatasının hesabatlarından müəyyən rəqəmləri görmək mümkün ola bilər.
Regionlardakı hava limanlarının rentabelliyinə gəlincə, Natiq Cəfərli deyir ki, Lənkəranda 10 ildən artıqdır hava limanı inşa edilib. Onun inşasına 52 milyon manatdan çox vəsait sərf edilib. Ancaq həmin hava limanının iqtisadiyyata gətirdiyi gəlir sıfırdır.
“Əsasən ölkəyə aşağı büdcəli hava yolu şirkətlərinin buraxılmaması, ucuz uçuşlar üçün süni maneələrin yaradılması buna səbəb ola bilər. Əgər işğaldan azad olunan ərazilərdə tikiləcək hava limanları da digər regionlardakılar kimi, eyni üsulla idarə olunacaqsa, onların iqtisadi səmərəsinin güclü olacağını söyləmək mümkün deyil”.
Natiq Cəfərli ümid edir ki, hökumət əvvəlki səhvlərdən nəticə çıxarar və həmin hava limanlarının işlədilməsi və fəaliyyətini yeni, müasir əsaslarla, rəqabətli mühit çərçivəsində təşkil edər.
Hökumət rəsmiləri və əlaqədar mütəxəssislər isə hava limanlarının bölgə iqtisadiyyatını gücləndirəcəyini irəli sürür:
“Azad edilmiş bölgələrin iqtisadi potensialını nəzərə alaraq, hava limanı bu ərazilərdə istehsal olunacaq məhsulların ixracını asanlaşdıra bilər", - iqtisadçı və millət vəkili Vüqar Bayramov Azərtag dövlət xəbər agentliyinə bildirib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderlə əlaqəli suallarımıza cavabında bildirib ki, bu məsələlərlə bağlı “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edin. “Azərbaycan Hava Yolları” QSC sorğumuza cavab verməyib.
Ölkə başçısı İlham Əliyev 2020-ci ilin avqustunda etdiyi çıxışda AZAL-ın fəaliyyətini tənqid etmişdi: “ AZAL-a dövlət tərəfindən bütün təyyarələr alınıb, bütün aeroportlar tikilibdir. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir, bəs bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək? Və sonra götürdüyü kreditləri gərək biz dövlət zəmanəti hesabına ödəyək”.
İqtisadçı Natiq Cəfərli deyir ki, hər ili ziyanla başa vuran AZAL-ın əməliyyatlarına görə son 5 ildə dövlət büdcəsindən 400 milyon manata yaxın dotasiya ayrılıb.
AZAL 2020-ci ildə 2017-ci ilin göstəricilərini yayıb. Maliyyə hesabatına görə, qurumun yığılmış zərəri 1 milyard 433 milyon manata çatıb.
Bundan başqa, 2020-ci ildə koronoavirus pandemiyası ilə bağlı dövlət büdcəsindən AZAL- a 86 milyon 900 min manat yardım edilib.
Səhmləri 100 faiz dövlətə məxsus aviaşirkətin nizamnamə kapitalı 823 milyon 974 min manatdır.
Bu vaxta qədər AZAL açıqlamayıb ki, şirkət nəyə görə zərərlə işləyir. İqtisadçılar deyir ki, qapalılığın əsas səbəbi korrupsiyadır.
Ölkə başçısı İlham Əliyev AZAL-ın fəaliyyətindən narazı qalsa da, Füzuli Beynəlxalq Hava Limanındakı işlər də bu şirkətə həvalə olunub.
Araşdırma: AbzasMedia