İqtisadçı ekspert hesab edir ki, bütün infrastrukturu dövlət büdcəsi hesabına yaradılan aviaşirkətdə qiymətlər bu qədər yüksək olmamalıdır
“AZAL-ın biletlərinin həddindən artıq baha olması barədə təəssürat yaranıb, ancaq qiymətlər yüksək deyil. Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb”. Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məlisin komitə iclasında “Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Report xəbər verir ki, nazir müavini çıxışında artıq AZAL-ın dövlət büdcəsindən vəsait almadığını bildirib:
“Aviasiya sahəsində qiymətlərə yanacağın qiyməti, təyyarələrin alınması və saxlanılması xərcləri, eləcə də digər amillər təsir edir. Artıq AZAL güzəştli qiymətlərlə yanacaq almır, dünya qiymətləri ilə alır. Qətiyyən demək istəmirəm ki, qiymət olduğu kimi qalacaq”, - deyə nazir müavini bildirib.
İqtisadçı ekspert Rəşad Həsənov isə nazir müavininin fikirlərilə razılaşmır. Onun sözlərinə görə, əgər AZAL dünyada sərnişindaşıma xidməti göstərən yeganə şirkət olsaydı, Rəhman Hümmətovun dedikləri ağılabatan olardı:
“Nazir müavininin dediyi fikirlər konkret bu günə aiddir ki, AZAL-a vəsait ayrılmır. Ancaq AZAL bu günə qədər dövlət tərəfindən maliyyələşib. Şirkətin bütün infrastrukturu, nəqliyyat parkı dövlət büdcəsi hesabına formalaşıb. AZAL göstərdiyi xidmətlərə görə xeyli güzəştlər əldə edib, subsidiyalar alıb. Şirkətə bu günə qədər çox böyük vəsaitlər ayrılıb və bu vəsaitlər də səmərəli istifadə edilməyib. Hətta bununla bağlı ölkə başçısı da iradlar səsləndirib.
Dünyada hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərini göstərən şirkətlərin böyük əksəriyyəti özəl şirkətlərdir. Onlar dövlət büdcəsindən hansısa formada dəstək almırlar. Bəs onda niyə onlarda xidmətlər daha aşağı qiymətə təklif oluna bilir? Hansı bazar alətlərindən istifadə olunur? Analiz aparıb zəif nöqtələri tapmaq lazımdır. Birmənalı şəkildə onu demək olar ki, indiki halda “AZAL-ın qiymətləri baha deyil” fikri qəbul edilən deyil və mübahisəyə açıqdır”, – deyə o, bildirib.
İqtisadçı deyir ki, bu gün istənilən adam internet üzərindən kiçik araşdırma edib görə bilər ki, AZAL-ın bilet qiymətləri digər şirkətlərlə müqayisədə çox yüksəkdir:
“Ola bilər, kimsə desin ki, AZAL daha keyfiyyətli xidmət göstərir, ancaq AZAL ilə eyni səviyyədə xidmət göstərən şirkətlərlə də müqayisə etsək, görərik ki, qiymətlər çox bahadır.
Qiymətlər həm də tələb və təklif əsasında formalaşır. Siz bir istiqamətə həftədə bir uçuş salırsınızsa, tələb çox olduğu üçün qiymət də baha olur. Amma iki reys olsa, tələb paylanacaq, təklif daha çox olacaq və qiymətlər düşəcək”, – deyə o, bildirib.
2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub ki, AZAL-ın fəaliyyətinin təmin edilməsi üçün 89,5 mln. manat məbləğində vəsait ayrılıb və bu vəsait tam məbləğdə icra olunub. Hesablama Palatasının hesabata verdiyi rəydə qeyd olunub ki, həmin il 63,1 milyon manat məbləğində vəsait xərclənib, 26,4 milyon manat Səhmdar Cəmiyyətin bank hesabında qalıb. Dövlət vəsaitinin tam şəkildə icra olunmadığı halda AZAL-ın saxlanma xərclərinin bilet qiymətlərinə necə təsir etməsi də sual altındadır.
Ölkə başçısı İlham Əliyev də 2020-ci ilin avqustunda hökumət üzvlərilə müşavirədə AZAL-a hər cür dəstək göstərilsə də, səmərəsiz fəaliyyət göstərdiyini bildirib:
“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb. Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”, – deyə o, sual edib.
İlham Əliyevin AZAL-ı tənqid etməsi ilk hal deyil. O, hələ 2015-ci ilin iyulunda Nazirlər Kabinetinin iclasında bildirib ki, AZAL-ın bilet qiymətləri həddən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.
Bilet qiymətləri yüksək olan AZAL isə xidmət keyfiyyətinə görə dünya reytinqində heç də yüksək yerlərdə deyil.
“Dünya Hava Yolları Mükafatları” (Skytrax World Airline Awards) təşkilatının 2022-ci ildə açıqladığı indeksdə, AZAL ən yaxşı 100 hava yolları şirkəti arasında 52-ci olub.
www.airlineratings.com saytının açıqladığı ən yaxşı hava yolları indeksinə isə AZAL daxil ola bilməyib. Reytinqə ancaq 7 ulduz alan 150 hava yolları şirkəti daxil olub. AZAL isə 7 ulduz ala bilməyib.
Azərbaycan Hava Yolları (AZAL) 1992-ci ildə təsis edilib. 2008-ci ildən bəri şirkətə rəhbərlik etmiş Cahangir Əsgərov bu ilin sentyabrında ölkə başçısının sərəncamı ilə vəzifəsindən azad olunub.