'EFJ' Azadlıq Radiosunda yaranmış böhranla bağlı müstəqil araşdırma tələb edir

'EFJ' Azadlıq Radiosunda yaranmış böhranla bağlı müstəqil araşdırma tələb edir Foto: RFE/RL
24 Avqust 2023
Mətni dəyiş

EFJ: “İşdən azad edilən jurnalistlər baş redaktor və radio rəhbərliyinin təhdidlərini və təqiblərini tənqid ediblər”

Avropa Jurnalistlər Federasiyası (EFJ) Azadlıq Radiosunun rəhbərliyinə radionun Azərbaycan bölümü ilə bağlı müraciət edib. Müraciətdə radionun Azərbaycan bürosunun əməkdaşlarının şikayət məktubuna radio rəhbərliyinin reaksiya verməməsinə heyrət ifadə olunub.

Bildirilib ki, keçmiş işçilər radio rəhbərliyinə haqsız yerə işdən çıxarılmaqlarından, radiodakı vəziyyət, bullinq, işçilərin sıxışdırılması və işə Azərbaycan hökumətinə yaxın insanların qəbulu ilə bağlı yazıblar. Təşkilat ümid edir ki, ABŞ Qlobal Media Agentliyi (USAGM) Azadlıq Radiosunun Azərbaycan bölümünün keçmiş əməkdaşlarının irəli sürdüyü iddialarla bağlı müstəqil araşdırma aparılmasına göstəriş vermək üçün lazımi addımlar atacaq.

Baş qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa Jurnalistlər Federasiyası (EFJ) Avropada jurnalistləri təmsil edən ən önəmli təşkilatlardan biridir.

Bir müddətdir ki, Azadlıq Radiosunun Azərbaycan bölümünün keçmiş əməkdaşları işdən haqsız yerə çıxarıldıqlarını və işlədikləri dövrdə təzyiqlərə, təhdidlərə, bullinqə məruz qaldıqlarını bildirirlər. Bəzi əməkdaşlar isə təzyiqlərdən sonra işdən özləri çıxdıqlarını qeyd ediblər.

Şikayətçilərdən birinin - İslam Şıxəlinin Abzas Media-ya dediyinə görə, radionun Azərbaycan bölümünün rəhbəri İlkin Məmmədov və baş redaktor Zeynal Məmmədli davamlı olaraq işçiləri bullinqə məruz qoyduğuna, aldadıcı, manipulyativ söhbətlərlə ruhdan saldığına görə şikayətçi olublar.

Jurnalist deyir ki, onlar iş prosesində hansısa tələblərini bildirəndə, qeyri-adekvat reaksiyalar verilib: 

“Azadlıq Radiosunun Bakı ofisi bağlanandan sonra 2016-cı ilə qədər Praqa ofisilə kommunikasiyaya keçə bilmirdik. Fərdi şəkildə İlkin Məmmədovla danışırdıq, amma problemlərin nədən qaynaqlanması ilə bağlı ümumi şəkildə müzakirə apara bilmirdik. Buna görə də mən ümumi iclas tələb edirdim, isti yanaşmırdılar.

Uzun zaman sonra bir dəfə iclas təyin etdilər, onda da bizi bullinqə məruz qoydular ki, iclasdır, danışın görək nə deyirsiniz?! Ondan sonrakı bütün iclaslarda və rəhbərliklə şəxsi danışıqlarda bizim hüquqlarımızla bağlı tələblərimizə dırnaqarası yanaşıblar və təhdid ediblər.

Bizə avadanlıq lazım olurdu, bəzilərinə verirdilər, bəzilərinə yox. Nədən qaynaqlanır, bilinmirdi. Bunu tələb edəndə də deyirdilər ki, radio Bakı ofisini saxlamağa maraqlı deyil, sizi işdən çıxaracaqlar. Ona görə də bu söhbətləri buraxıb yaxşı işləməyə baxın”.

İ.Şıxəli deyir ki, İlkin Məmmədov iş vaxtı təhqiredici və aşağılayıcı sözlərlə danışırdı, sonradan yeni işçilər gələndə, bu artıq biabırçı həddə çatdı:

“İclasların birində işə yeni gələn qızlara onlarla bağlanmış iş müqaviləsini nəzərdə tutaraq "biz sizinlə bir yatağa girmişik, bir yastığa baş qoymuşuq" demişdi. Bu davranış Praqadakı ofisdə işləyənlərə qarşı da var”.

Jurnalist deyir ki, radio rəhbərliyi şikayətləri demək olar ki, araşdırmayıb.

Onun sözlərinə görə, İlkin Məmmədov hətta şikayəti araşdırmağa gələn şəxslərin gözünün önündə də bu davranışları davam etdirib:

“O vaxt Praqa ofisinə 2 nəfər yoxlama gəlib ki, ofis rəhbərliyinin fəaliyyətini izləsin. İclasların birində işçilər İlkin Məmmədovla bağlı şikayətlərini deyiblər, bundan sonra o, şikayət edənlər haqda elə danışıb ki, adamlar ağlamağa məcbur olublar. Şikayətçilər yoxlamaya gələn iki nəfərə deyiblər ki, şikayətlərimizi sizə deyək, onlar da cavab veriblər ki, siz bizimlə danışa bilməzsiniz, ancaq email yaza bilərsiniz. Təsəvvür edirsiniz, yoxlanış gəlir və şikayət edən adamların şikayətləri dinlənilmir”.

Abzas Media Azadlıq Radiosunun prezidenti Cefri Qedminə müsahibə üçün mraraciət etsə də, müraciətimiz cavabsız qalıb. Radio məsələ ilə bağlı iki dəfə açıqlama yayıb. İlk açıqlamasında iddiaların əsassız olduğunu qeyd edib. Avqustun 19-da yaydığı ikinci açıqlamada isə bildirilib ki, Azadlıq Radiosu Azərbaycanda senzurasız xəbərlər təqdim etməkdə radionun missiyasına və prinsipial jurnalistika etikasına sadiqdir.

“Azərbaycan xidmətinin ünvanına səslənən iddialara dair radionun ombudsmanı əhatəli baxış keçirib və xidmətin dəqiq, müstəqil və məsuliyyətli olduğunu üzə çıxarıb. Azad Avropa/AzadlıqRadiosu konkret şəxslərlə bağlı şərh vermir”, – deyə açıqlamada qeyd olunub.

İslam Şıxəli radionun bu iki açıqlamasını absurd hesab edir:

“İkinci açıqlamada deyirlər ki, araşdırma olub, ancaq araşdırmadan söhbət gedə bilməz. Araşdırma olsaydı, həm Praqa ofisində işləyənlərdən, həm də Bakıda işləyənlərdən soruşardılar ki, İlkin sizinlə necə davranır? Necə olur ki, araşdırma olur və işçilərdən heç kimlə danışmırlar?! Bizim şikayətlərimizdən sonra radionun digər bir neçə işçisi də iclasda tələb edib ki, bu məsələlərə aydınlıq gətirilsin. Ancaq həmin adamlar da "qara siyahı"ya salınıb. Mən 10 il Azadlıq Radiosunda işləmişəm, amma hələ indi bilirəm ki, radionun ombudsmanı var imiş”.

İslam Şıxəli ümid edir ki, onların şikayətlərindən sonra radio hazırki əməkdaşlarına qarşı eyni davranışı sərgiləməyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun