Elmar Hüseynovun ailəsinin gizli saxlanılan Azərbaycan səfəri

Elmar Hüseynovun ailəsinin gizli saxlanılan Azərbaycan səfəri Foto: qafqazinfo.az
9 Avqust 2023
Mətni dəyiş

Mərhum jurnalistin ailəsi ölkəni tərk etdikdən sonra Bakıya səfər etdikləri açıqlanıb

Qətlə yetirilən jurnalist Elmar Hüseynovun xanımı və oğlu 17 il sonra Azərbaycana səfər edib.

Abzas Media-ya bu barədə məlumatı hüquqşünas Aslan İsmayılov verib. İsmayılov bildirib ki, Elmar Hüseynovun ailə üzvləri 2 həftə əvvəl Bakıya gəliblər və artıq daimi yaşadıqları Norveçə qayıdıblar: 

“Səfəri Diasporla iş üzrə Dövlət Komitəsi təşkil edib. Özləri ailə ilə maraqlanıblar, səfəri təşkil ediblər. Onlar da gəlib 2 həftə burda qaldılar, vətəni gördülər, Elmarın məzarına ziyarət etdilər, doğmaları ilə görüşüb Norveçə qayıtdılar. Bircə mənimlə təmasda oldular, heç kimlə ünsiyyətdə olmaq istəmədilər”.

A.İsmayılov mərhum jurnalistin ailə üzvlərinin onun qətl işinin istintaqı ilə maraqlanıb-maraqlanmadıqları sualını cavablandırmayıb: “Məlumatı lazım bilsə, onlar özləri deyərdilər”,- hüquqşünas bildirib.

Ölkəni tərk edərkən 1 yaş 4 aylıq olan və mətbuatda atasının qara lent bağlanmış fotosunu öpərkən çəkilən şəkili ilə yadda qalan Aslan Hüseynov gununsesi.info saytına açıqlamasında deyib ki, Bakıda ilk dəfə qohumları ilə görüşüb, atasının məzarını ziyarət edib. 
“İlk dəfə Bakıya uzun illər sonra gəldim və məni emosiyalar bürüdü. İlk dəfə qohumlarımla görüşdüm, vətənimi, şəhərimi gördüm. Atam Elmarın məzarını ziyarət etdim. Çox kədərli bir an idi. Bilirəm ki, Elmar öz şəhərini çox sevirdi. Mən də Elmar kimi Bakı şəhərinə aşiq oldum. Bakını Avropanın digər şəhərlərindən daha çox bəyəndim, ona görə ki, ən gözəli deyil, ən əzizidir bu şəhər”.

Aslan Hüseynov deyib ki, ölkəyə Azərbaycan diasporunun dəvəti ilə gəliblər.

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə Abzas Media-ya bildirilib ki, Rüşaniyyə Hüseynovanın müraciəti əsasında onun ölkəyə səfəri təşkil olunub. 

"Bu, onun ilk müraciəti idi",- deyə Komitə açıqlamasında bildirib. 

E.Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan Hüseynov səfər çərçivəsində işğaldan azad edilən Şuşa şəhərində də olublar. 

Elmar Hüseynov Azərbaycan hakimiyyətini tənqid edən "Monitor" jurnalının yaradıcısı və baş redaktoru olub. O, 2005-ci ildə mənzilinin qarşısında güllənərək qətlə yetirilib. Hadisədən 18 il keçsə də, qətlin sifarişçiləri və icraçıları tapılmayıb. 

Jurnalistin qətlindən sonra 2006-cı ildə ailəsi Norveçə köçüb.

13 aprel 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətli ilə bağlı istintaqa dair hökmündə, 4 əsas məqamı vurğulayaraq, Azərbaycanı jurnalistin yaşamaq hüququnu pozmaqda təqsirli sayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərə görə isə 10 min avro cərimələnib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun