Yarım ayda eyni təşkilatın 3 üzvü həbs olunub, dördüncü risk altında olduğunu deyir

Yarım ayda eyni təşkilatın 3 üzvü həbs olunub, dördüncü risk altında olduğunu deyir Foto: Caspian Platform
14 Avqust 2023
Mətni dəyiş

Siyasətçi: “İşçi Masasının üzvləri hakimiyyətin oyun qaydası ilə oynamadıqları üçün həbs olunublar”

Son günlər İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri ardıcıl şəkildə təqib olunurlar.

Avqust ayı ərzində İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov inzibati qaydada, üzvlər Elvin Mustafayev və Ayxan İsrafilov isə narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs ediliblər. Hərəkatın digər üzvü Orxan Zeynalov haqda isə borc öhdəliyini ödəməməsi əsası ilə cinayət işi açılıb. Zeynalov sonradan polis təqibilə üzləşdiyini bildirib.

Həbslər kuryerlərin 1 avqustda keçirdikləri etiraz aksiyasından sonraya təsadüf edir. Ancaq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Abzas Media-ya bildirib ki, Elvin Mustafayevin həbsinin kuryerlərin aksiyası ilə əlaqəsi yoxdur. Nazirlikdən Ayxan İsrafilovun həbsilə bağlı hələlik açıqlama almaq mümkün olmayıb.

Əksər ictimaiyət nümayəndələri isə bu həbsləri siyasi sifariş hesab edir. Siyasətçi Azər Qasımlı deyir ki, bu gənclər hakimiyyətin qırmızı xəttini keçdikləri üçün həbs olunurlar. Onun sözlərinə görə, gənc fəallar hakimiyyətin təlqin etdiyi oyun qaydası ilə oynamaq istəməyiblər:

“Bu günə qədər həmkarlar ittifaqı tipli təşkilatların yaradıldığını xatırlamıram. 90-cı illərdə buna cəhd var idi, ancaq 2000-ci ilin əvvəlindən başlayaraq, belə cəhdlər olmayıb. Belə cəhdlərin olması və məsələyə peşəkar yanaşma məni çox sevindirir. Azərbaycan hökumətinin ölkəni Türkmənistana və ya Şimali Koreyaya çevirmək istəyinin olmasına baxmayaraq, Azərbaycan cəmiyyəti göstərir ki, hələ də resurslar var və intellektual potensial tam tükənməyib.

Hakimiyyətin siyasətçilər, media, ictimai fəallar, təşkilatlar və sivil toplum üçün müəyyən qırmızı xəttləri var. O xəttə qədər fəaliyyət göstərməyə imkan verirlər. Bu uşaqlar o qırmızı xətti keçiblər. Təşkilatlanmaq, cəmiyyətdə fərqli təbəqələrlə işləmək qərarı veriblər. Cəmiyyətin sosial baxımdan aşağı təbəqəsilə işləmək, onların hüquqlarını müdafiə etmək, onları təmsil etmək, hakimiyyətin yaratdığı “həmkarlar ittifaqı”na alternativ olmaq istəyiblər və bununla da hökumətin qırmızı xəttini keçiblər”.

Azər Qasımlı deyir ki, həbslər, təzyiqlər ona hesablanıb ki, digərləri də bu yolu getməsinlər:

“Ancaq hakimiyyət bu repressiyalarla uşaqları qorxuda bilməz. Çünki hazırda iqtidar 90-cı illərin yox, yeni nəslin gənclərilə mübarizə aparır. Düşünürəm ki, hökumət həm də post-Putin dönəminə hazırlaşır. İstəyirlər ki, o dönəm gələndə Azərbaycanda söz deyə biləcək adam olmasın”.

Millət vəkili, parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Hikmət Babaoğlu isə həbslərdən xəbərsiz olduğunu və buna görə də açıqlama verə bilməyəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun