Həbsdə olan ictimai fəal saxlanma şəraitindən narazıdır

Həbsdə olan ictimai fəal saxlanma şəraitindən narazıdır Foto: sosial media
18 Sentyabr 2023
Mətni dəyiş

Ayxan İsrafilov: “Bizi 10 nəfərlik kamerada 21 nəfər saxlayırlar”

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan funksioneri Ayxan İsrafilov saxlanma şəraitindən narazıdır. Abzas Media-ya bu barədə onun bacısı Sevinc İsrafilova məlumat verib. İctimai fəal 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

Ayxan İsrafilovun bacısı deyir ki, qardaşı ilə sonuncu dəfə sentyabrın 16-da görüşüblər:

“Şüşənin arxasından görüşdük. Dedi ki, saxlanma şəraitindən narazıdır, 10 nəfərlik kamerada 21 nəfər saxlanılırlar. Şəraiti çox pisdir. Kitab oxumağa belə şəraiti yoxdur, kamera çox darısqaldır. Biz təcridxana rəhbərliyinə və Ədliyyə Nazirliyinə müraciət etmişik.

Ayxanın həbsi qanunsuzdur. O, heç enerji içkiləri içməyən, siqaret çəkməyən adamdır. Narkotiklə şərlənməsi çox absurddur. Bizdə narkotiklə şərlənmək artıq normal şey sayılır”, – deyə Sevinc İsrafilova bildirib.

Penitensiar Xidmətin mətbuat xidmətindən sorğumuzun rəhbərliyə məruzə edildiyi, yaxın müddətdə cavab veriləcəyi bildirilsə də, sonradan heç bir cavab gəlmədi.

Ayxan İsrafilovu bu il avqustun 11-də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Avqustun 12-də onun haqqında Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

Həmkarlar İttifaqları Konfederasiyası isə kuryer kimi çalışan, eyni zamanda işçi hüquqlarının müdafiəsi ilə məşğul olan Ayxan İsrafilovun həbsinin siyasi sifariş hesab edib. Belə ki, avqustun 1-də bir qrup kuryer “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik ediləndən sonra qüvvəyə minən moped və moped sürücülərilə bağlı yeni tələblərə etiraz olaraq aksiya keçiriblər. Bundaun sonra Həmkarlar İttifaqları Konfederasiyasının 3 üzvü həbs edilib, daha biri təqibə məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyi isə iddiaları rədd edib, şəxslərin konkret əməllərilə bağlı saxlanıldıqlarını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun