Fransada evində bıçaqlanan Əliyevlərin tənqidçisi vəfat edib

Fransada evində bıçaqlanan Əliyevlərin tənqidçisi vəfat edib Foto: sosial media
1 Oktyabr 2024
Mətni dəyiş

Son 4 ildə Əliyev ailəsinin Avropadakı 10-a yaxın tənqidçisi silahlı hücuma məruz qalıb, bir neçəsi ölü tapılıb

Azərbaycanın prezidentinin ailəsini tənqid edən siyasi mühacir Vidadi İsgəndərli Fransada yaşadığı evdə çoxsaylı bıçaq zərbələri aldıqdan sonra xəstəxanada vəfat edib.

Bu barədə məlumatı Turan İnformasiya Agentliyi Vidadi İsgəndərlinin qardaşı Oktay İsgəndərliyə istinadən yayıb.

Məlumata görə, keçmiş hüquq müdafiəçisi Fransanın Müluz şəhərində xəstəxanada Bakı vaxtı ilə saat 13:15-də vəfat edib.

"Həkimlərin sözlərinə görə, qan itkisini dayandırmaq və normal nəfəs alma sistemini bərpa etmək mümkün olmayıb. Mərhumun dəfn mərasimi müvafiq məhkəmə-tibbi ekspertizadan təxminən bir həftə sonra baş tutacaq", – Oqtay İsgəndərli əlavə edib.

Vidadi İsgəndərliyə hücum senyabrın 29-da səhər saatlarında olub. Yaşadığı mənzilin yataq otağına pəncərədən keçən 3 nəfər şəxs İsgəndərliyə ümumilikdə 24 bıçaq zərbəsi endirib.

Vidadi İsgəndərli Avropadan yayımlanan müxtəlif internet platformalarında Azərbaycan prezidentini və onun ailə üzvlərini əhatə edən çıxışlar edirdi. O, prezident ailəsinin tənqidçisi idi. 

Vidadi İsgəndərli bundan əvvəl 2022-ci ilin iyununda da hücuma məruz qalıb. O zaman İsgəndərli hesab edirdi ki, sifariş Azərbaycan hakimiyyətindən gəlib.

Xatirladaq ki, bu ilin martında millət vəkili Zahid Oruc prezident İlham Əliyevi tənqid edən mühacirlərin zərərsizləşdirilməsinə çağırış etmişdi.

“Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”, – deyə Zahid Oruc vurğulamışdı.

Bundan sonra Almaniyada yaşayan bir qrup mühacir jurnalist deputat Zahid Orucun Avropa ərazisində terrora çağırışı ilə bağlı Almaniya Bundestaqının prezidenti Berbel Basa və daxili işlər naziri Nensi Faserə müraciət etmişdi.

Vidadi İsgəndərli 2011-ci ildə hələ Bakıda olarkən seçkilərə "zorakı müdaxilə"də ittiham olunaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ancaq 1 il sonra əfv sərancamı ilə azadlığa buraxılıb. O, 2015-ci ildə Gürcüstana köçüb, 2 il sonra isə Fransaya mühacirətə gedib.

Bu, Avropada Əliyevlərin tənqidçisi olan siyasi mühacirələrin ilk müəmmalı ölümü deyil. Bundan əvvəl 2021-ci ilin yanvarında siyasi mühacir Vüqar Rza Belçikada, elə həmin ilin iyulunda Hüseyn Bakıxanov Tbilisidə müəmmalı şəkildə ölü tapılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun