“Abzas Media” işində gərginlik: Vəkil ədliyyə nazirinə müraciət edib

1 Mart 2024
Mətni dəyiş

“Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın həbs müddətinin uzadılmasından verilmiş şikayət təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Xətai Rayon Məhkəməsinin həbsin daha 3 ay uzadılması ilə bağlı qərarı dəyişdirilmədən saxlanılıb.

2023-cü il dekabrın 1-də Xətai Rayon Məhkəməsi Nərgiz Absalamova barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi.

Bu il fevralın 24-də məhkəmə müstəntiqin təqimatı əsasında bu müddəti daha 3 ay uzadıb. Bugünkü məhkəmə prosesində jurnalistin vəkili Rövşanə Rəhimli ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı arasında gərginlik yaşanıb.

Vəkilin bildirdiyinə görə, o müvəkkilinin iclas salonundakı şüşə kabinədən çıxarılması barədə vəsatət verib. Hakim vəsatəti təmin edib. Buna etiraz edən Penitensiar Xidmətin əməkdaşı jurnalistin təhlükə baxımından şüşə kabinədə saxlanmalı olduğunu bildirib.

Bundan sonra hakim qərarını dəyişib və Nərgiz proses boyu şüşə arxasında qalıb. “Ədliyyə naziri araşdırsın. Penitensiar Xidmətə kim icazə verib ki, o hakimin qərarına müdaxilə edir? O kimdir ki, qapalı məhkəmədə iştirak edir?”, – deyə vəkil vurğulayıb.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Jurnalistlər ittihamları rədd edirlər və həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun