Jurnalist Elnarə Qasımova ev dustaqlığına buraxılmayıb

Jurnalist Elnarə Qasımova ev dustaqlığına buraxılmayıb
30 Aprel 2024
Mətni dəyiş

Altıncı aydır ki, "Abzas Media işi" üzrə istintaq gedir və həbslər davam edir

Aprelin 30-da "Abzas Media işi" üzrə həbs olunan jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı vəkilin vəsatətinə baxılıb.

Abzas Media-nın məlumatına görə, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən prosesdə vəkilin vəsatəti təmin edilməyib.

Qasımova bu il yanvarın 13-də saxlanılıb, artıq 3 aydan çoxdur ki, həbsdədir.

Daha əvvəl isə eyni iş üzrə ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı sayarsa, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Sonradan bu iş üzrə parlametin fəaliyyətini monitorinq edən "Meclis.info" platformasının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli də cəlb olunub.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay uzadılıb.

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun