İlhamiz Quliyev məhkəmədə “Abzas Media”ya danışdıqlarına görə həbs edildiyini bildirib

İlhamiz Quliyev məhkəmədə “Abzas Media”ya danışdıqlarına görə həbs edildiyini bildirib Foto: Amerikanın Səsi
17 May 2024
Mətni dəyiş

Keçmiş müstəntiq köməkçisi: “Verdiyim müsahibəyə görə narkotiki cibimə 28-ci polis bölməsində polislərin özləri atıblar”

Mayın 16-da Bakıda həbsdə olan hüquq müdafiəçisi İlhamiz Quliyevin növbəti məhkəmə prosesi keçirilib.

Onun yaxınları "AbzasMedia"ya bildiriblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İlhamiz Quliyev istintaq orqanının irəli sürdüyü bütün ittihamları rədd edib.

“Mən bir müddət müstəntiq köməkçisi olmuşam. “AbzasMedia”ya polislərin ictimai fəalları narkotiklə necə şərləməsi barədə müsahibə vermişəm, buna da görə də cəzalandırılıram. Müsahibə yayımlanandan bir müddət sonra özümü də eyni üsulla şərləyib həbs etdilər”, - deyə o bildirib.

İlhamiz Quliyev müsahibədən qısa müddət sonra polisin qanuni əmrinə tabe olmamaqda ittiham olunaraq 30 sutka inzibati həbs cəzası alıb. Azadlığa çıxdıqdan sonra isə ölkədən çıxışına qadağa qoyulub və Bakıda izlənilib.

O, inzibati həbs müddətində təhdid edildiyi üçün şərlənəcəyini ehtimal edib, narkoloji dispanserdə müayinədən keçib və narkotik maddə istifadəçisi olmadığına dair tibbi rəy alıb.

Cinayət işinin materiallarında iddia edilir ki, İ.Quliyev dekabrın 4-də saxlanılarkən cibindən külli miqdarda narkotik çıxıb. Elə isə izlənildiyini bilə-bilə üzərində narkotik vasitə daşıyıb?

Məhkəmədə bu suala cavab tapmaq üçün Quliyevin telefonunun iclasa gətirilməsilə bağlı vəsatət qaldırılıb.

İlhamiz Quliyev bildirib ki, o, izləndiyini bilib və izləyən şəxslərin şəkillərini də çəkib. Onun sözlərinə görə, bu şəxslər əməliyyatçılar olublar və daha sonra saxlanma əməliyyatında iştirak ediblər. Məhkəmə isə vəsatətə baxmayıb.

İ.Quliyev çıxışında bildirib ki, saxlanılan zaman zorakılığa məruz qalıb və polis orqanına aparılarkən avtomobildə döyülüb.

“Evdən çıxanda mülki geyimlilər məni saxladı. Aparmaq istəyəndə pilləkənlərin məhəccərindən tutub qışqıra-qışqıra yoldaşımı çağırırdım. Bunlar da məni sürüyüb aparmağa çalışırdı. Görəndə ki yoldaşım eşidib çıxır, cinsiyyət orqanımı sıxdılar, ağrıdan müvazinətimi itirdim, sürüyə-sürüyə apardılar. Narkotiki cibimə Yasamal rayonu, 28-ci polis bölməsində polislərin özləri atıb”, - deyə İ.Quliyev bildirib.

Hüquq müdafəçisi onu da deyib ki, bölmədə işgəncələrə məruz qalıb və polislər bildiriblər ki, sənədləri imzalayana kimi ona işgəncə verəcəklər, çünki göstəriş “yuxarı”dan gəlib.

Daxili İşlər Nazirliyi (DİN) isə iddiaları təkzib edib.

İlhamiz Quliyev bir müddət polis orqanlarında müstəntiqin köməkçisi işləyib. O, polisin iş sistemilə yaxından tanış olduğu üçün “AbzasMedia”ya kimliyi gizlədilməklə polislərin rəsmiləşdirilməmiş narkotik vasitələrdən ictimai fəalları şərləmək üçün istifadə etdikləri haqda danışıb.

Bundan qısa müddət sonra o saxlanılıb, inzibati qaydada 30 gün müddətinə həbs olunub.

Azadlığa çıxdıqdan sonra ötən ilin dekabrında yenidən saxlanılıb. Bu dəfə ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri Quliyevin həbsini siyasi sifariş hesab edirlər. Avropa Parlamentində onun azadlığa buraxılmasına çağıran qətnamə qəbul olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun