“Abzas Media”nın direktoru və baş redaktorunun həbs müddətləri daha 3 ay uzadılıb

“Abzas Media”nın direktoru və baş redaktorunun həbs müddətləri daha 3 ay uzadılıb Foto: Meydan TV
12 İyun 2024
Mətni dəyiş

Sevinc Vaqifqızı: “Ailəmlə telefon danışıqlarıma qadağa qoyulub”

İyunun 12-də “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) həbs müddəti daha 3 ay uzadılıb.

S.Vaqifqının vəkili Elçin Sadıqov bildirib ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.

Sevinc Vaqifqızı məhkəmədə bildirib ki, o, təcridxanada digər saxlanılan qadınların təhqirə və zorakılığa məruz qalmaları ilə bağlı halları ictimailəşdirdiyi üçün ailəsilə telefon danışıqlarına qadağa qoyulub.

Baş redaktor Azərbaycanın insan haqları üzrə müvəkkilinin (ombudsman) təcridxanaya gəlməsini tələb edib.

Ü.Həsənlinin vəkili Fəxrəddin Mehdiyev isə qeyd edib ki, Xətai Rayon Məhkəməsinin verdiyi qərarlardan apellyasiya şikayəti verəcəklər.

Bundan əvvəl “Abzas Media işi” üzrə həbs olunan Nərgiz Absalamovanın həbs müddəti 3-cü dəfə, Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti isə 2-ci dəfə uzadılıb.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıblar.

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun