Azərbaycanlı fəal keçmiş jurnalistin “xəyanəti” nəticəsində saxlanılıb və işgəncələrə məruz qalıb

Azərbaycanlı fəal keçmiş jurnalistin “xəyanəti” nəticəsində saxlanılıb və işgəncələrə məruz qalıb Foto: Azadlıq Radiosu
20 İyun 2024
Mətni dəyiş

Azərbaycanlı fəal ölkədən qaçmağına kömək etdiyi keçmiş jurnalistin qayıdıb onu ələ verməsindən sonra hakimiyyət tərəfindən saxlanılıb və işgəncələrə məruz qalıb

Nida Vətəndaş Hərəkatının üzvü Nicat Əmiraslanovun şənbə günü evindən oğurlanaraq işgəncələrə məruz qaldığı, iki gün sonra isə sərbəst buraxıldığı bildirilir.

Əmiraslanov “OC Media”ya bildirib ki, o, keçmiş azərbaycanlı jurnalist Şirin (Tire) Abbasovun Azərbaycana qayıtmasından və onu 2016-cı ildə qaçaq yolla ölkədən çıxaranların kimliyini etiraf etməsindən sonra saxlanılıb.

Abbasov əvvəllər “Meydan TV” ilə əməkdaşlıq edib, 2015-ci ildə Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan sonra Almaniyadan sığınacaq istəyib.

Abbasovun bu yaxınlarda Azərbaycana qayıdacağını elan etməsi keçmiş həmkarlarında onun hakimiyyətlə işləməyə başladığına dair şübhələr yaradıb.

Mühacirətdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı bildirib ki, Abbasov hakimiyyətin mediaya qarşı davam edən repressiyaları çərçivəsində “Meydan TV” və “Abzas Media”ya qarşı ifadə verib.

“Biz bu barədə ayın əvvəlində öyrəndik. Daha doğrusu, bunu özü deyib. Biz onun qayıtmaması üçün hər şeyi etdik, lakin Şirin fikrindən dönmədi. Berlində olarkən o, [Azərbaycan] hakimiyyəti ilə əməkdaşlıq etdiyini açıq şəkildə bildirdi”, –  deyə Muxtarlı “Facebook”da yazıb.

Əmiraslanov azadlığa çıxandan sonra Muxtarlı “Facebook”da yazıb ki, “insanlara təkcə agent kimi fəaliyyət göstərənlər yox, həm də əlindən tutub qaldırdıqları da xəyanət edir”.

“Və xəyanətlərindən həzz alırlar. Bu cür insanlar daha təhlükəlidir, çünki onlar haqqında hər şeyi açıq demək olmur”, – Əfqan Muxtarlı yazıb.

Abbasov 2015-ci ildə hökumətin “Meydan TV”yə reyd keçirərək qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi açmasından sonra bir ay müddətinə həbs edilib.

Həmin vaxt o, polisin ona “Meydan TV”yə qarşı ifadə verməsi üçün işgəncə verdiyini iddia edib. Abbasov bildirmişdi ki, o, həmkarlarına qarşı casusluq etmək şərti ilə azadlığa buraxılıb.

Həbsdə işgəncə

Məlumata görə, Əmiraslanov şənbə günü ona gələn poçt bağlamasını götürmək üçün evindən çıxdıqdan sonra saxlanılıb.

Anası “Meydan TV”yə bildirib ki, Nicat 5 dəqiqəyə evə qayıdacağını desə də, sonradan yoxa çıxıb.

Hüquq mühafizə orqanları Əmiraslanovun saxlanıldığı gündən azadlığa buraxılana qədər harada olması barədə şərh verməkdən imtina edib.

Əmiraslanov “OC Media”ya bildirib ki, onun oğurlanması və ya saxlanması ilə bağlı mətbuata açıqlama verməməsi barədə iltizam alınıb. O, bağlamanı gətirən kuryeri gözlədiyi vaxt qaçırıldığını bildirib.

“Sifarişimi onlayn olaraq izləyirdim və kuryer mənə zəng edib gəldiyini söyləyəndə çölə çıxdım və orada gözlədiyimi dedim. Bu zaman kimsə arxadan üstümə atıldı, başıma torba keçirdi və həbs olundum”, – deyə Əmiraslanov bildirib.

O bildirib ki, həbsdə olarkən elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb, huşunu itirib. O, özünə gələndə burnundan qan axdığını deyib.

Əmiraslanovun dostlarından biri anonimlik şərti ilə “OC Media”ya bildirib ki, fəal işgəncələrə məruz qalıb.

“Ayaqları şişib, üzü qızarıb. Həkimə getdi, müayinəsini diqqətdə saxlayacağıq”, – deyə həmin şəxs bildirib.

Əmiraslanov onu saxlayan təhlükəsizlik orqanının kimliyini açıqlamayıb.

Vəkil Yalçın İmanov “OC Media”ya bildirib ki, Əmiraslanov əvvəlcədən əlbir olan bir qrup şəxslə dövlət sərhəddini qanunsuz olaraq keçmə maddəsiylə ittiham olunub.

Bu halın yüngül cinayət sayıldığını deyən İmanov ittihamın müddətinin bir il əvvəl bitdiyini bildirib.

Bununla belə, o qeyd edib ki, Əmiraslanov səkkiz il əvvəl Abbasovun Azərbaycandan qaçmasına kömək edibsə, Abbasov isə bu müddətdə “təqibdən gizlənibsə”, Abbasova qarşı ittihamlar qüvvədə qala bilər, çünki bu, cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olub.

“Şirin Tire gəldiyinə görə indi icraat yenilənib. Bu halda Əmiraslanovun cinayət məsuliyyətindən azad ediləcəyindən bəhs etmək mümkün deyil”, –  deyə vəkil bildirib.

Əmiraslanovun 2017-ci ildə də sosial şəbəkələrdə hakimiyyəti tənqid etdikdən sonra həbsdə işgəncəyə məruz qaldığı bildirilir.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun