Jurnalistləri Müdafiə Komitəsi: “Jurnalistlər Azərbaycanın Qərblə diplomatik çəkişmələrinin qurbanı olmamalıdırlar”

Jurnalistləri Müdafiə Komitəsi: “Jurnalistlər Azərbaycanın Qərblə diplomatik çəkişmələrinin qurbanı olmamalıdırlar”
14 İyun 2024
Mətni dəyiş

CPJ bu həftə Azərbaycan məhkəmələrinin bir sıra qərarlarından məyusluq keçirdiyini bəyan edib

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media”nın altı əməkdaşının həbs müddətinin yenidən uzadılması ilə bağlı bəyanat yayıb.

İyunun 12-də Xətai rayon Məhkəməsi “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və layihə rəhbəri Məhəmməd Kəkalovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini üç ay uzadıb.

Çərşənbə axşamı həmin məhkəmə nəşrin jurnalisti Nərgiz Absalamovanın həbs müddətini üç ay, bazar ertəsi isə jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətini müvafiq olaraq bir və iki ay uzadıb.

Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında Azərbaycan hökumətinin “Abzas Media” jurnalistlərinin həbs müddətini əsassız uzatmasından məyusluq ifadə edilib.

“CPJ Azərbaycan hakimiyyətinin “Abzas Media”nın altı jurnalistinin əsassız həbs müddətini bir daha uzatmasından dərin məyusdur və ittihamları tənqidi reportajlara görə qisas kimi pisləyir.

Azərbaycan hakimiyyəti həbsdə olan bütün “Abzas Media” əməkdaşlarını dərhal azad etməli və ölkədə hazırda oxşar ittihamlarla üzləşən 13 jurnalistə qarşı ittihamları ləğv etməlidir. Jurnalistlər Azərbaycanın Qərblə diplomatik çəkişmələrinin qurbanı olmamalıdırlar”, - CPJ-nin Nyu-Yorkdakı Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Səid deyib.

Yayılan bəyanatda qeyd edilib ki, “Abzas Media” əməkdaşları Azərbaycanla Qərb arasında münasibətlərin gərginləşməsi fonunda hazırda Azərbaycanda oxşar ittihamlarla həbsdə olan 4 müstəqil media orqanının 11 jurnalisti arasındadır. Daha iki nəfər səyahət qadağası altında məhkəməyə qədər sərbəst buraxılıb.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

İttihamlar sübut edilərsə, Azərbaycanın cinayət məcəlləsinə əsasən, altı jurnalisti səkkiz ilə qədər həbs cəzası gözləyir.

“Abzas Media” rəhbərliyi ittihamları “prezidentin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı bir sıra araşdırmalara” görə repressiya kimi qınayıb.

Apreldə Azərbaycan prezidenti İlham Əliyev həbslərlə bağlı tənqidləri rədd edərək demişdi ki, “xaricdən qeyri-qanuni maliyyə alan” media nümayəndələri qanun çərçivəsində həbs olunublar.

Mayın 21-də məhkəmə analoji ittihamlarla “Kanal 13”ün direktoru Əziz Orucov və jurnalist Şamo Eminovun həbs müddətini bir ay uzadıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun