YAP Milli Məclisin buraxılmasını təklif edib

YAP Milli Məclisin buraxılmasını təklif edib Foto: Yeniçağ
20 İyun 2024
Mətni dəyiş

Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib

İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

O əlavə edib ki, COP29-un və digər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir:

“Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova parlament seçkilərinin önə çəkilməsi təklifini dəstəkləyiblər.

İclasın sonunda YAP-ı Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda bundan əvvəl 2020-ci il fevralın 9-da baş tutan parlament seçkiləri də növbədənkənar keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun