Təranə Orucova: "Oğlum Möhyəddinin bir böyrəyində genişlənmə, digərində kristal var, ağrıları dözülməzdir"

Təranə Orucova: "Oğlum Möhyəddinin bir böyrəyində genişlənmə, digərində kristal var, ağrıları dözülməzdir"
29 Avqust 2024
Mətni dəyiş

Möhyəddin Orucov ötən ilin sonlarında saxlanıldığı zaman polis şöbəsində zorakılığa məruz qaldığını bildirdikdən sonra narkotik ittihamı ilə həbs edilib 

8 aydan çoxdur həbsdə olan ictimai fəal Möhyəddin Orucovun saxlanıldığı təcridxanada səhhətinin pisləşdiyi bildirilir. 

Abzas Media-ya bu barədə onun anası Təranə Orucova məlumat verib. Fəalın anası deyir ki, oğlunun bir böyrəyində genişlənmə (hidronefroz), degərində kristal var. 

Onun sözlərinə görə, ötən ilin sonlarında əvvəlcə inzibati qaydada həbs olunan oğlunu polis bölməsinin həyətində soyuq havada oturacağa bağlı saxlayıblar, tualetə buraxmayıblar. Bundan sonra onun böyrəyində problemlər yaranıb. 

"Birinci həbsində hara müraciət etsək də, müalicə etmədilər, vəziyyəti pisləşdi. İndi saxlanıldığı təcridxanada böyrək ağrıları artıb, müalicə etmirlər. Özü təcridxanada müraciət edib, deyiblər ki, həkim ayda 1 dəfə gəlir. Belə şey olar? Həkim komissiya zaddır ayda bir dəfə gəlsin?" - Təranə Orucova sual edir. 

İçtimai fəalın anası deyir ki, oğlunun azadlığını tələb edir, çünki o, həbsdə qaldığı müddətdə həyatına təhlükə artır. 

“Oğlum deyir ana, içəridə elə nəmişlik var ki, burda vərəmə də tutularam. 10 nəfərlik otaqda 14 nəfər qalırlar. Ona dava-dərman, ərzaq çatdıra bilmirik. Yoldaşım Qarabağ əlilidir, bircə onun pensiyası ilə dolanırıq. Əvvəl qohumlar, tanışlar bir az kömək edirdi, indi o da yoxdur. Vəziyyət çox çətindir. Mənim oğlumun heç bir günahı yoxdur, onu içəridə yalandan saxlayırlar, oğlumu buraxsınlar".

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi saxlanılan şəxslərin və məhkumların səhhətilə bağlı suallarımızı bir qayda olaraq cavablandırmır. İdarədən bildirilir ki, bu cür məlumatlar ancaq həmin şəxsin yaxınlarına verilir. 

İctimai fəal Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Həbsdən çıxdıqdan bir müddət sonra polisdə zorakılığa məruz qaldığını bildirib. Elə həmin il dekabrın 13-də yenidən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. 

Möhyəddin Orucov və yaxınları həbsin onun siyasi fəaliyyətilə bağlı olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun