Büdcədəki 187 milyonluq pozuntudan yalnız 8 milyonu "cinayət" ehtimalı ilə araşdırılıb

Büdcədəki 187 milyonluq pozuntudan yalnız 8 milyonu "cinayət" ehtimalı ilə araşdırılıb Foto: sosial media
17 Sentyabr 2024
Mətni dəyiş

İqtisadçı ekspert: “Pozuntular ona görə yaranır ki, dövlət maliyyəsinin idarə edilməsi üzrə qaydalara və şəffaflığa əməl olunmur”

Bu ilin yanvar-avqust aylarında büdcə vəsaitlərinin istifadəsində 187 milyon manat maliyyə pozuntusu aşkarlanıb.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən beynəlxalq konfransda danışıb. Sədr bildirib ki, bu vəsaitlərin 64,5 milyon manatı dövlət büdcəsinə dəyən zərər, 122,4 milyon manatı digər pozuntulardır. 

"Qurumun kollegiyası büdcəyə dəyən zərərin 48,9 milyon manatının bərpası və yaxud əvəzləşdirilməsi üzrə təkliflər verib. Bərpası haqqında qərar verilməmiş məbləğin təxminən 7,6 milyon manatı sosial xarakterli ödənişlərlə bağlıdır".

İqtisadçı ekspert Elçin Rəşid deyir ki, pozuntular dövlət maliyyəsinin idarə edilməsi üzrə qaydalara və şəffaflığa əməl olunmadığı üçün yaranır. 

Onun fikrincə, bu çatışmazlıqlar davam etdikcə belə pozuntular çox olacaq. 

"Hələ bunlar aşkar olunan pozuntulardır. Təbii ki, hansı resurslarla və necə aşkarlanması sual altındadır. Çünki Hesablama Palatasının özü müstəqil deyil. Bir neçə il əvvəl bu qurum daha müstəqil idi, ona görə də daha ciddi pozuntular aşkarlayıb, daha dişli hesabatlar ortaya qoyurdu. Amma indi əvvəlki qədər pozuntu ortaya çıxarıla bilmir. 

Qaydaların və şəffaflığın olmadığı dövlət maliyyəsi idarəetməsində müxtəlif qurumların pozuntular edəcəyi labüddür. Belə bir şərait onlara imkan yaradır və onlar da bunu fütsət kimi bilib istifadə edirlər. Qaydalar və şəffaflıqla bağlı çatışmazlıq da ona görədir ki, parlamentin səlahiyyəti aşağadır və şəffaf insitutlar formalaşdırılmayıb", - Elçin Rəşid əlavə edib. 

Qeyd edək ki, 187 milyon manat maliyyə pozuntusundan yalnız 8 milyon manatı üzrə cinayət tərkibi ehtimalı yaranıb və sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun