28 Oktyabr 2016
Mətni dəyiş
"Azərbaycan 2019-cu ildə keçiriləcək Avropa Olimpiya Festivalına ev sahibliyi edə bilər".
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
MOK rəsmisi məsələ ilə bağlı Belarusda müzakirələrin aparıldığını bildirib:
"Belarusun II Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərardan bir gün əvvəl Minskdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası oldu və bu məsələ qaldırıldı. Bu zaman ölkə prezidenti Aleksandr Lukaşenkonun cavabı məlum deyildi. Onun cavabının müsbət və ya mənfi olması bilinmirdi. Çünki 2019-cu ildə Minsk Avropa Olimpiya Festivalına ev sahibliyi etməli idi. Bu da problem yaradırdı. Mən İK-nın iclasında Azərbaycan üçün Belarusun II Avropa Oyunlarının keçirilməsini öz üzərinə götürməsinin çox vacib olduğunu bildirdim. Belə olacağı təqdirdə Azərbaycanın Avropa Festivalını keçirməsinin mümkün olacağını söylədim. Festivalı keçirmək elə-belə iş deyil. Bunun üçün 5 il öncədən namizədlik verirsən, seçkilərdə iştirak edirsən. Amma bizim üçün çox rahatdır. Çünki heç bir prosedur olmayacaq. Bütün infrastrukturlar hazırdır. Biz bu yarışa hazırıq. Bu təklifimi Belarus prezidentində çatdırdılar. Ertəsi gün iclas keçirildi və A.Lukaşenko ölkəsinin II Avropa Oyunlarını qəbul etdiyini bildirdi".