10 Oktyabr 2016
Mətni dəyiş
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov komandanın son zamanlarda vəziyyəti və milli komandanın çıxışı ilə bağlı sualları cavablandırıb.
- Azərbaycan Premyer Liqasında II dövrəyə hazırlıqlar necə davam edir?
- Normaldır. Lakin futbolçuların sayının azlığı üzündən düşündüyümüz məşq proseslərini həyata keçirə bilmirik. Buna baxmayaraq, çalışırıq ki, futbolçuların hazırlığı tam qaydasında olsun. Bu arada yoxlama matçı da keçirdik. Öz əvəzedicilərimizlə qarşılaşdıq. Sabah da belə bir oyun keçirməyi planlaşdırmışıq. Bir sözlə, hazırlıqlarımız pis deyil.
- Milli komandadakı futbolçular klubunuzun düşərgəsinə qayıtdıqdan sonra Premyer Liqanın II dövrəsinin ilk turu çərçivəsində "Sumqayıt"la, daha sonra Avropa Liqasının III turu çərçivəsində Yunanıstan PAOK-u ilə görüşəcəksiniz. Belə sıx qrafik komandanızın çıxışına necə təsir edə bilər?
- Öyrəşmişik. Çünki bu hal neçə illərdir təkrarlanır. Nəyisə dəyişməyə imkanımız, gücümüz yoxdur. Hamımız bu qrafikə öyrəşməli, bu proqram üzrə işləməli, çalışmalıyıq. Düşünürəm ki, futbolçular qayıdandan sonra hər şey normal, qaydasında olacaq. Amma dəfələrlə demişəm ki, əsas problem komandanı normal səviyyəyə gətirəndən sonra onların birdən-birə heyətdən ayrılmaları ilə bağlıdır. Qalan məsələlərdə problem yoxdur.
- Azərbaycan yığmasının futbolçuları Çexiyaya DÇ-2018-in seçmə qrup matçına yollananda təyyarədə nasazlıq yaranmışdı. Bu xəbəri necə qarşıladınız?
- Xəbəri bu günün ikinci yarısında eşitdim. Köməkçi-məşqçi Elçin Rəhmanov dedi. Pisi düşünməyək. Yaxşı ki, hər şey qaydasındadır.
- Millidən söz düşmüşkən, Sizə elə gəlmirmi ki, Avropa Liqası və qitə klublarında çıxış edən futbolçuların meydana çıxması daha doğru qərardır? Necə ki, Norveçlə oyunda heyətin demək olar ki, hamısı belə oyunçulardan təşkil olunmuşdu...
- Yığmanın heyəti ilə bağlı müdaxilə etməyim düzgün olmaz. Heç buna ehtiyac da yoxdur. Çünki millinin yaxşı baş məşqçisi var. Hansı ki, futbolçuların xarakterini yaxşı bilib tanıyır. Nəticəyə gəldikdə, hamımız qələbəyə sevinirik. Dəfələrlə demişəm ki, klublar öz yerində, millimizin nəticələri nə qədər yuxarı olsa, bu, ümumiyyətlə, ölkədə futbola marağı və inamı daha da çoxaldar. Bu, futbolumuzun inkişafı üçün çox vacib amillərdən biridir. Hər birini təbrik edirəm. Özüm də oyunu stadionda oturub izləyirdim. Futbolçularımız yaxşı mübarizə apardı, qələbə istəyi həddən artıq çox idi. Düşünürəm ki, yığmamız çox vacib 3 xal qazandı.
- Maksim Medvedev müdafiənin mərkəzində özünü doğrulda bildi?
- Görüşü qol buraxmadan başa vurublarsa, deməli, hər şey qaydasındadır. Buna baxmayaraq, Prosineçkinin ondan nə tələb etdiyini bilmirəm. Ümumilikdə çıxışından razı qaldım. Qol vurmağına da çox sevindim.
- Artıq 5 qapıçınız var. Sizcə, bu, çox deyil?
- Xeyr, niyə? Bu gün Xalid Oğuzxan səhər məşqində zədə alıb və heyətdə yoxdur. Qapıçı elə bir mövqedir ki, 2 zədəli birdən olsa, böyük sıxıntı olar. Emil Balayevi yeni götürdük. Digər qapıçımızı da əsasən əvəzedici heyətə göndərirdik. İndi Emil Balayevlə birgə 4 qapıçımız oldu.
- Qışda 5 qapıçıdan birinin gedəcəyi gözlənilir? Söhbət İbrahim Şehiç və Boyan Şaranovdan gedir...
- Xeyr. Biz kimisə göndərmək üçün heyətə gətirməmişik. İki legioner, iki yerli qapıçımız var. Əsas 4 qapıçı düşünək. Həm Emil, həm də Şahruddin Məhəmmədəliyev 1994-cü il limitinə düşürlər və bu da bizim üçün çox vacibdir. Oyunlarda görürsünüz, bəzən Şahruddin olur. Həm yerli, həm də yaşına görə bəzi problemləri aradan qaldırırıq. Hər şey planlaşdırılmış şəkildədir və heç birini göndərmək fikrində deyilik.
- Bu 5 qapıçıdansa, hücumu gücləndirmək daha doğru olmazdı? "Qarabağ"da bu mövqe daha problemlidir...
- Mən buraya gələndən bu sual verilir və düşünürəm ki, digər klublara da ünvanlanır. Hücum deyəndə sizin nə cür düşündüyünüzü, nəyə dediyinizi bilmirəm. Bu günə qədər əldə etdiyimiz kiçik uğurları bu komanda ilə, oyunçularla, bu hücumçularla etmişik. Dediyim kimi, bizim bəzən düşündüyümüz hücumçular 4-5 böyük klubda çıxış edir. Digərlərini müqayisə etsək, bəlkə aralarında az fərq olar. Hücum xətti çətin mövqedir. Hər bir hücumçunun uyğunlaşdığı bir komanda olur. Bəzi komandalarda bir hücumçu daha çox parlayır, amma digərində daha az olur. Mənim üçün təkcə hücumçu yox, komandanın, digər mövqedəki futbolçuların hücumda necə oynaması daha önəmlidir.
- "Qəbələ" ilə oyundan sonra fikirlərinizi bildirdiniz. Amma sonra soyuq başla oyunu analiz etdiniz. Necə düşünürsünüz, "Qarabağ" "Qəbələ"yə nədə uduzdu: Aparıcı futbolçuların olmaması, yoxsa başqa səbəb var?
- Aparıcı futbolçu deyəndə kimləri nəzərdə tutduğunuzu bilmirəm.
- Şehiç, Miçel, Reynaldo...
- Start heyətində əsas komandanın 3 üzvü yox idi. Hansı ki, hər şey planlı şəkildə idi. Bəzi balanslaşdırmanı etmək istədim. Nə dərəcədə alınıb-alınmamağı digər mövzudur. Ciddi bir dəyişiklik yox idi. Rəşad Sadıqov onsuz da zədəyə görə oynamırdı. Qaldı Reynaldo və Miçel... Dani Kintana, Dino Ndlovu, Riçard Almeyda, Qara Qarayev, Ansi Aqolli, Muarem Muarem və digərləri meydanda idi. Əfran İsmayılov və Rəşad Sadıqov zədəyə görə oynamadı. Miçel və Reynaldonu isə oyunun gedişatına görə, ikinci hissədə meydana buraxdıq.
- Əfran İsmayılovun zədəsi nə yerdədir?
- Üç həftə demişdilər. Hələ həkim müayinəsində olur. Dünəndən fərdi məşqlərə başlayıb. Yəqin ki, sabahdan qaçışlara başlayacaq. Yəqin ki, bir ay çəkəcək.
- Klub prezidenti Abdulbari Goozal sizin "Qarabağ"da Muxtar Respublika olduğunuzu, heç kimin işinizə qarışmadığını bildirib...
- Goozal bəy hər deyəndə çıxış etmir. Çox düzgün qeyd edib ki, mən öz boynuma düşən vəzifəni yerinə yetirirəm. Yəni, məndən nə tələb olunur və nə məndən asılı olan nədir. Klubda iş elə qurulub ki, hərənin boynuna düşən öz vəzifəsi və öz iş prinsipləri var. Hər kəs çalışır ki, öz sahəsində inkişaf etsin və kluba faydasını versin. O cümlədən, mən də baş məşqçi olaraq bəzi şeylərə nəzarət edirəm. Hansı ki, onlar mənim nəzarətimdə olmalıdır. Ancaq belə sırf öz boynuma düşən vəzifəni yerinə yetirirəm. Hələ ki, qələbədə də, məğlubiyyətdə də rəhbərliklə bir yerdə olmuşuq. İllər öncə bizim məğlubiyyətlərimiz çox olanda da yanımda olan Goozal bəy və rəhbərlik idi. Məncə, normal fikirlər səsləndirib.
- Abdulbari Goozal bir məsələni də qeyd etdi ki, sizdən komandanın zəifləməsənin səbəbini soruşanda çempionatın səviyyəsinin zəif olduğunu, komandaların güclü olmadığını, rəqabət olmadığını demisiniz. Necə düşünürsünüz, bu bir növ rəqibləri, digər komandaları qıcıqlandırmaq, kobud desək, saymamazlıq deyil?
- Hansı tərəfə yozsan da elə çıxacaq. Hər bir insan bu fikri necə qəbul edəcəksə, elə də reaksiya verəcək. Bu, təkcə bir oyuna görə olan şey deyil. Dəfələrlə bildirmişəm ki, çempionatımızın səviyyəsi aşağıdır. Bunu qəbul etməliyik. Hamımız görürük ki, mübarizə azalıb. O demək deyil ki, "Qarabağ" kimdənsə 5 qat üstündür. Son zamanlar olan böhran bir çox klubun büdcəsini aşağı saldı, oyunçu transferi azaldı. Əvvəllər tanınmış ölkələrin futbolçuları buraya gəlirdi və istər-istəməz mübarizə çoxalırdı, prinsiplər böyüyürdü. Mənim bugünədək elə bir fikrim olmayıb ki, hardasa kluba yuxarıdan-aşağı baxım. Əksinə, onlara məğlub olduqda da, qalib gəldikdə də hörmətlə yanaşıb, işinə dəyər vermişik. Bu gün də elədir. Sadəcə fikrin bildirilməsində, sözlərin yozulmasında ola bilər hər hansı belə bir ifadələr ortaya çıxır. Mən də Goozal bəyi tanıyıram və onun hansı düşüncədə bunu dediyini bilirəm. İnanmıram ki, o başqa hansısa düşüncə ilə bunu desin. Mən hər kəsə demişəm ki, çempionatda mübarizə azalıb. Əvvəllər 9 komandaya qarşı mübarizə aparırsansa, indi bu say 7-yə düşüb. Nəticə olaraq bu da aşağı göstəricidir. Məncə, bu məsələnin ətrafında gəzib-dolaşılası bir şey yoxdur.
- Reynaldo axşam məşqində iştirak etməyib...
- Zədəlidir. Səhər fərdi qaydada məşq etdi və axşam məşqindən öncə fitnesdə idi. Həkimlərin məsləhətinə əsasən fərdi qaydada məşqə ehtiyac vardı.
- Zədəsi nə dərəcədə ciddidir?
- İnanmıram ciddi olsun. Sadəcə, bəzi yükləmələrdən sonra olmuşdur.
- Avropa Liqasında növbəti oyununuzu Yunanıstanın PAOK klubuna qarşı keçirəcəksiniz. Qrupdan çıxmaqla bağlı hesablamalarınızı aparmısınız: "Qarabağ"ın taleyi PAOK-la oyundan asılıdır?
- Belə deməzdim. Amma həmin oyun böyük rol oynayacaq. Hər halda oyundan sonra fikir bildirə bilərəm.
- Rəşad Sadıqov Norveçlə oyundan öncə milli səviyyəsində sonuncu tsikl ola biləcəyini qeyd edib. Bu fikrə münasibətiniz necədir?
- Məncə, bu fikirləri onun diqqətindən yayındırsaq, daha yaxşı olar. Ümumiyyətlə, karyerasını bitirmək haqda düşünməsin. Nə qədər onun üzərinə gedilsə, onun haqqında yazılsa ki, kapitan karyerasını bitirir, ola bilsin, psixoloji baxımdan daha çox təsir etsin və karyerasını daha tez bitirsin. Bu fikirlərdən uzaq olması lazımdır ki, nə qədər gücü varsa, oynasın və o fikrə düşməsin.
- Son oyunlarda Sadıqov qol vuranda çılğıncasına qeyd edirdi. Maksim Medvedev Norveçə qol vuranda yenə bunu çılğınlıqla qeyd etdi. Sizcə, bu, nədən irəli gəlir? Sona yaxın xoşbəxtliyin artmasıdır?
- Mən buna ancaq sevinirəm ki, qalib gəlmək emosiyalarını daha da göstərir. Özü cavab verməyib bu suala?
- Xeyr...
- Özünə də bu sualı verərsiniz. Amma belə normaldır.
- Siz milli karyeranızı başa vurandan sonra nə hisslər keçirmişdiniz?
- Nə olmuşdu ki? (Fikirləşir) Məndə eyni vaxtda oldu. Həm milli, həm də futbol karyeramı eyni vaxtda bitirdim. Tsikl bitdi və digəri start götürənə qədər mən futbolçu karyeramı başa vurdum.
- 2 oyundan sonra millinin aktivində 6 xal var. Almaniya ilə eyni xala malikik. Nə düşünürsünüz: Siz də "Niyə də yox" deyirsiniz?
- Niyə də bacarmayaq? Bu gün real olaraq 6 xalımız var və heç də az üstünlük deyil. Turnirin əvvəlində bu, bizə çox böyük inam verir. Futbolda son zamanlar gözlənilməz nəticələr olur. Belə deyək, bir çox futbolçuda, komandada bu istək olmur. Onların istəyi çoxlu komandanın gücünü üstələyir. Mən Norveçlə oyunda belə istəkli milli görməmişdim. Hamı udmaq istəyirdi. Hər kəs oyunun içində idi. Belə oyunlar olur və bu da həmin oyunlardan biri idi. İmkanımız varsa, niyə də bundan istifadə etməyək? Sona qədər inanmaq lazımdır. Təsadüf kimi yox... Hər komandaya qarşı oynamaq olar. Ola bilər ki, bir komandaya qarşı 5 oyun keçirərsən, 4-nü uduzarsan, amma 1-də qalib gələsən.
- "Qarabağ"ın Avropa Liqasında şüarı var?
- Bizdə belə bir şüar yoxdur. Biz hər hansı turnirdə iştirak ediriksə, çalışırıq ki, qələbə üçün daha yaxşı oyun göstərək. Həm oyundan-oyuna artıraq, həm də qələbəni rəqibə verməmək üçün meydanda sona qədər mübarizə aparaq.
- "Qəbələ" ötən mövsüm Avropa Liqasında PAOK-a qarşı oynamışdı. Yunanıstan komandası ilə oyun öncəsi həmkarınız Roman Qriqorçukla məsləhətləşmisiniz?
- Xeyr, buna ehtiyac yoxdur. Çünki ötənilki ilə indiki PAOK-un heyətində çoxlu dəyişiklik baş verib. Həm də hər bir komandanı yaxından tanımaq üçün xeyli məlumat və şəraitimiz var. Digər tərəfdən, hər bir rəqib ildən ilə tam dəyişir, başqa bir komanda olur, oyun qurur. Bir-birimizin fikirlərini öyrənmək istəsək, yanlış addım atmış olarıq.