30 Noyabr 2016
Mətni dəyiş
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XIII turun "Qarabağ" - "Qəbələ" oyununda baş verənlərlə bağlı cəza tədbirləri görüb.
Bu gün keçirilmiş iclasda hər iki klubdan nizam-intizam qaydalarına ciddi əməl etməsi və bu halların yenidən təkrarlanmaması tələb olunub.
"Qarabağ" 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat, 39-cu dəqiqədə məşqçi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğu üçün eyni məbləğdə cərimələnib. Eyni zamanda Rəhmanov 1 oyunluq cəzalanıb.
90+4-cü dəqiqədə "Qarabağ”ın futbolçusu Riçard Almeyda aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanın, klub 3200 manat cərimə olunub.
Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, elə həmin epizodda "Qarabağ”ın digər futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat ziyana düşüb.
"Qarabağ”ın 2-ci qolundan sonra qapıçı Şahruddin Məhəmmədəliyevin isə rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb.
Növbəti ev oyunlarında “Qarabağ” klubu təmsilçisindən təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub.
Qeyd edək ki, "Qarabağ" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.