Elmar Vəliyevin "Neftçi" rəsmilərini polis vasitəsilə aşağıladığı deyilir
29 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Topaz Preymer Liqasının son turunda oynanılan “Kəpəz” – “Neftçi” matçında Gəncə şəhər icra başçısı Elmar Vəliyev oyuna damğa vuran hərəkət edib. Bu barədə “Neftçi” klubundan verilən məlumatda bildirilir.
Klubun açıqlamasında deyilir ki, 27 noyabrda liqanın XIII turunda Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Neftçi” matçında xoşagəlməz hal baş verib. Oyunun ilk hissəsinin əvvəlində “Neftçi” PFK-nın rəsmiləri, eləcə də futbolçuları VİP lojadan kənarlaşdırılıb. Buna səbəb Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin “Neftçi” PFK nümayəndələrinin yerli komandanı alqışlaması barədə tələbi olub.
Məlumatda bildirilir ki, "Neftçi" nümayəndələri “Kəpəz” klubunu dəstəkləməkdən imtina ediblər. Belə olan halda, asayişi qorumalı olan polis əməkdaşlarına klubumuzun nümayəndələrini məcburi surətdə VİP-lojadan kənarlaşdırmaq göstərişi verilib. Bundan sonra “Neftçi” PFK nümayəndələri VİP-lojanı tərk edərək “Neftçi” PFK azarkeşləri üçün ayrılmış sektora yollanıblar. Müvafiq olaraq “Neftçi” PFK rəhbərliyi də məlum vəziyyətdə eyni addımı atıb.
"Neftçi" qeyd edir ki, 2016-2017-ci il futbol mövsümündə Topaz Premyer Liqası və I Divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsini (“Yarışların yeri” bəndi) rəhbər tutaraq meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:
- Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı;
- Komandaların rəhbərləri və oyunçular üçün yerlər;
Klubun açıqlamasında vurğulanır ki, “Neftçi” 24 noyabrda “Kəpəz”-ə məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəyib. “Kəpəz” klubu isə 25 noyabr tarixində cavab məktubu yazıb və “Neftçi” klubunun nümayəndələri üçün SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirib.
"Gəncədə yaşanmış olayda çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulub", - deyə "Neftçi" klubu bildirib.
“Neftçi” gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edib.