"İnter Arena"da kütləvi dava: "Futbolçu jurnalistə hücum çəkdi" - FOTO - VİDEO
18 Noyabr 2016
Mətni dəyiş
1-ci divizionun 12-ci turu çərçivəsində baş tutan “Bakılı” - “Energetik” matçında dava düşüb.
Ev sahibi komandanın 7 nömrəli futbolçusu Vurğun Həsənzadə ilə uzun müddət sonra oyuna çıxan mingəçevirli Vahid Rostami arasında yaranan qarşıdurmadan somra hadisələr cərəyan edib. Əvvəlcə ikili söz savaşı edib, bir-birlərini itələdikdən sonra isə “Bakılı”nın futbolçusu rəqibinin başına şillə vurub. Dərhal sonra səfər komandasının digər üzvləri komanda yoldaşlarının müdafiəsinə qalxıblar, meydanda kütləvi dava yaranıb.
Hakimlər briqadası və komandaların məşqçilər heyətinin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Matç başa çatdıqdan sonra “Energetik”in vitse-kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına hücum çəkib. Deyilənə görə, onu buna vadar edən paytaxt komandasının oyunçularından birinin ağır söyüş işlətməsi olub. Həmin an “Bakılı”nın əməkdaşı Elşən Acalov polislərə müraciət edərək, “bıçaq götürdü” deyib. O, daha ağır münaqişənin qarşısını almağı xahiş edib. Polis əməkdaşlarının hücumçəkənin əlində bıçaq görüb-görmdəiklərini dəqiqləşdirə bilməsək də, bıçaq işə düşməyib.
Hadisəni videolentə almaq istəyən “Futbol+” qəzetinin əməkdaşı Şəfi Şəfiyevə isə maddi və mənəvi ziyan dəyib. Mingəçevir klubunun futbolçularından biri jurrnalisti itələyərək, telefonunu əlindən alıb, yerə çırpıb. Bundan sonra adını dəqiqləşdirə bilmədiyimiz, lakin şəklini çəkdiyimiz oyunçunu paltardəyişmə otağına salmaq mümkün olub.