19 Noyabr 2016
Mətni dəyiş
Sabiq Fransa prezidenti Nicolas Sarkozy, Elysee Sarayına yenidən seçiləcəyi təqdirdə ilk olaraq hansı işi görəcəyini açıqlayıb.
Fransada növbəti il keçiriləcək prezident seçkiləri üçün mərkəz sağ partiyasının namizədinin müəyyən olacağı ön seçkiyə qatılacaq 7 siyasətçidən biri olan Sarkozy, sabahkı ilk tur öncəsi Nimes şəhərində seçicilərinə xitab edib. Çıxışının böyük qismini terrorla mübarizəyə ayıran Sarkozy, "Sərhədlərimizi qorumaq məcburiyyətindəyik. 7 mayda prezident olduğumda ilk iş, ölkənin bütün sərhədlərində şəxsiyyət vəsiqələrinin yoxlanışını yenidən başlamaq əmrini vermək olacaq", - deyə bildirib.
Daha sonra keçmiş prezident hakimiyyətin terrorla mübarizəsini tənqid edib: "Hakimiyyətin vətəndaşa 'Terror təhdidi ilə yaşamağa uyğunlaşın' deməsini qəti bir dillə rədd edirəm".
Mərkəz sağda ön seçki yarışının ilk turu sabah, ikinci turu 27 noyabrda baş tutacaq.
Sorğulara görə, bu ön seçkidə qalib gələrək mərkəz sağın namizədi olacaq siyasətçinin, 23 aprel və 7 may 2017-ci il tarixlərində iki turlu keçiriləcək prezident seçkisini də açıq fərqlə qazanacağı ehtimal olunur. Sarkozy ilə sabiq baş nazir Alain Juppe, mərkəz sağdakı ön seçkidə ən çox şansı olan namizədlərdir. Digər sabiq baş nazir Fransua Fillonun, ön seçkidə ilk turu üçüncü sırada tamamlaması gözlənilir.