Azərbaycan futbolunda növbəti biabrçılıq: "Bir qol da vurun, "stavka"m düz gəlsin" - VİDEO
6 Dekabr 2016
Mətni dəyiş
"O, yüksək liqada oynayan futbolçuya yaraşmayan sözdən istifadə etdi. Bu, Azərbaycanda çıxış edən legionerə yaraşmayan ifadədir".
Bu sözləri I Divizionda çıxış edən "Rəvan" klubunun futbolçusu Zahid Quliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində AZAL-la keçirdikləri oyunun sonlarında baş verən hadisələrlə bağlı danışarkən deyib.
Futbolçu AFFA-nın intizam Komitəsi tərəfindən 7 oyunluq cəzaya səbəb olan hərəkətini bu cür izah edib:
"David Canelidze (AZAL-ın futbolçusu), oyunda hesab AZAL-ın xeyrinə 4:0 olduqdan sonra rusca "Birini də vurun, mənim də "stavkam" düz gəlsin" dedi. Mən də rusca bildiyim üçün onun adımızın "danışılmış oyunlar"da hallanmasına işarə vurduğunu anladım. Bu sözləri bizimlə məzələnmək, yoxsa həqiqətən də oyuna pul qoyuluşu etdiyi üçün dediyi bilmirəm. Amma hər halda cavabını vermək üçün epizodların birində Canelidzeni kürəyindən təpiklə vurdum. Bundan sonra baş hakim Fariz Yusifov mənə qırmızı vərəqə göstərdi. Meydandan çıxanda hamı məndən "Nə olub?" deyə soruşdu. Mənim üçün həmin vaxt komanda yoldaşlarıma nə baş verdiyini izah etmək çətin idi".
O, rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadə işlətmədiyini bildirib: "Ona heç bir senzuradankənar söz deməmişəm. Sadəcə, vurmuşam. Onsuz da indi İntizam Komitəsi kimə nə cəza gəldi, verir. "Rəvan"ın nə vəziyyətdə olduğuna fikir verən yoxdur. Onsuz da yıxılırıq, bunlar da balta çalırlar".
AZAL-ın 4:0 hesablı qələbəsi ilə başa çatan və açıqlamalardan sonra xüsusi önəm daşıyan həmin görüşü sizə təqdim edirik: