14 Dekabr 2016
Mətni dəyiş
"Şapekoense" komandasının mərhum qapıçısı Markos Danilo azarkeşlərin səs çoxluğu ilə Braziliyada ilin futbolçusu elan edilib.
Bu barədə idmançının bacısı Danila Padilya xəbər verib.
Onun sözlərinə görə, bununla bağlı azarkeşlər arasında keçirilən sorğuda qardaşı Markos respondentlərin 48 faizinin səsini toplayıb. Mükafatlandırma mərasimində mərhum qapıçının bacısı və anası iştirak edib.
Qeyd edək ki, göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə noyabrın 28-də Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelyin şəhərinə istiqamətlənib.
Ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Qəza zamanı üç futbolçu – Alan Ruşel, Cekson Folman və Xelio Samper Neto sağ qalıb. Xəsarət almış Markos Danilo isə sonradan xəstəxanada dünyasını dəyişib.