4 Sentyabr 2016
Mətni dəyiş
Bu gün futbol üzrə Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Report"un məlumatına görə, səfərdə keçiriləcək qarşılaşmada rəqib San-Marino yığması olacaq.
FİFA reytinqində 136-cı mövqedə olan Azərbaycan millisi ilə siyahının ən son pilləsində dayanan San-Marino arasında baş tutacaq görüşdə qonaqlar favorit hesab olunur.
Belçikadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma yerli Olimpiya Stadionunda olacaq. Meydan sahiblərinin qənaətinə görə, oyuna yerli azarkeşlər tərəfindən marağın az olacağı gözlənilir.
Komandalar artıq son hazırlıqlarını başa vurublar. Yığmanın heyətində yalnız iki futbolçu yer almayıb. Bunlar zədə səbəbindən milliyə qatılmayan Ruslan Abışov və Bədavi Hüseynovdur. Milliyə yeni cəlb olunan Ramil Şeydayev və Emin Mahmudov da düşərgədə yer alıb. Matçın start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov və Ruslan Qurbanov yer alacaq.
DÇ-2018, Seçmə mərhələ, I tur
C qrupu
20:00. San-Marino - Azərbaycan
Baş hakim: Sebastyan Delferye
Yan xətt hakimləri: İv de Nev, Jo de Vayrdt
Dördüncü hakim: Aleksandru Bukot (hamısı Belçika)
Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)
UEFA nümayəndəsi: Luka Zorzi (İsveçrə)
Serravalle, Olimpiya stadionu
Azərbaycan millisinin mübarizə apardığı "C" qrupunda bu gün daha iki oyun keçiriləcək. Çexiya evdə Şimali İrlandiya ilə qarşılaşacaq. Almaniya yığması isə Norveçin qonağı olacaq.