14 Sentyabr 2016
Mətni dəyiş
“Həm özümüzə, həm də “Qəbələ”yə uğurlar arzulayıram. Çalışacağıq ki, rəqibə qarşı düzgün və səhvsiz oynayaq. Bu, çox vacibdir. Rəqib qrupa düşmək üçün 4 oyun keçirib və hamısında qalib gəlib. Son 3 ildə 2 dəfə qrupa düşüblər. “Sevilya” kimi komanda ilə 1:1 oynayıb, pley-offda isə “Udineze”ni mübarizədən kənarlaşdırmış klubdur”.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Slovan"la keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
- AZAL-la oyundakı heyətlə sabah keçiriləcək matçın start "11-liy"ində fərq olacaq?
- Bəzi fərqlər olacaq. Amma indi deyə bilmərəm.
- Stadion problemi komandaya nə dərəcədə təsir edəcək?
- Fikrimcə, bu amili çox şişirtmək lazım deyil. İstəyirik ki, daha çox azarkeşin önündə oynayaq. Amma hazırda bəzi nüanslar var ki, kənara çıxara bilmərik.
- “Slovan”ın kapitanı Lukaş Pakorni 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu, sizin üçün nə dərəcədə faydalı olacaq?
- Rəqibin çox seçimi var. Əlbəttə, heç bir məşqçi istəməz ki, heyətlə bağlı problem yaşasın. Hər məşqçinin əlində 14-15 eyni səviyyədə çıxış edən futbolçu var. Onların bizdən təcrübəsi daha çoxdur. Fikrimcə, bu onların oyun taktikasına təsir etməyəcək. Onlar öz oyun üslubundan həzz alırlar. Ola bilər ki, kombinasiyalı oyun nümayiş etdirməyək. Meydanda əsl mübarizə olacaq. Onlar öz oyunlarını oynayacaq.
- Üzərinizdə təzyiq var?
- Biz “Qarabağ” olaraq daima öz xalqımıza qələbə sevinci yaşatmaq istəyirik. Bundan istifadə etməyə çalışacağıq. İdmançı təzyiq altında olanda çox zaman məğlub olur. Güləşçilərimiz erməni rəqibləri digər turnirlərdə məğlub edirlər, lakin olimpiya oyunlarında təzyiqlər çox olur və bəzən məğlub olurlar.
- Milan Baroşa xüsusi nəzarət olacaq?
- O, çox təhlükəli futbolçudur. Mənim düşüncəmdə belə taktika yoxdur. Hər bir futbolçu öz zonasına cavabdeh olacaq. Digər oyunçulardan daha çox ona nəzarət olacaq.
- Artıq 3-cü ildir ki, Avropa Liqasının qrupunda çıxış edəcəksiniz. Həyəcanlısız, yoxsa adiləşib?
- İldən-ilə həyəcan daha da artır. Çünki hər il bizdən daha artığını gözləyirlər. Ümumiyyətlə, hər turnirdə həyəcanlı oluruq. Əgər həyəcan varsa, deməli, məsuliyyət var.
- “Qarabağ”la “Slovan”ı bir-biri ilə necə müqayisə edə bilərsiz?
- Hər komandanın öz üstünlüyü var. Fərqli komandalardı.
- “Viktoriya” ÇL-da yolumuzu kəsdi. Rəqib yenə Çexiya klubudur. İntiqam almaq fikriniz var?
- Belə suallar mənə tez-tez verilir. Qisas hissi yoxdur. Əgər bunu düşünsək, rəqibi təhlil etmək üçün vaxtımız qalmaz. İdmanda belə prinsip yoxdur.
- Bəzən rəqibi çox ciddiyə alanda ziyan verir. Siz “Slovan”ı da çox ciddiyə almısız...
- Ciddiyə almalıyıq. Niyə də ciddi almayaq? Rəqibdən rəqibə fərq var. Hər bir işdə uğurlu olmaq üçün ciddi olmaq lazımdır.
- “Azərsun Arena”nı gələcəkdə avrokuboklar üçün hazırlamaq olar?
- Bu avrokuboklar standartlarına cavab vermir. Bu stadionun azarkeş tutumu çox azdır. Tofiq Bəhramov adına Respublika stadionunu 5 illik icarəyə götürmüşük. Biz bu müddət ərzində Respublika stadionunda oynayacağıq.