10 Yanvar 2017
Mətni dəyiş
Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirməyi planlaşdıran "Qəbələ", "Sumqayıt" və "İnter" klublarının səfəri təxirə düşüb.
Səbəb İstanbulda kəskin hava şəraitinin uçuşlara mane olmasıdır.
"Türk Hava Yolları"na (THY) məxsus təyyarə ilə Bakı - İstanbul - Antalya reysi ilə hərəkət edəcək komandaların uçuşu qeyri-müəyyən vaxtda yerinə yetiriləcək.
"İnter" və "Sumqayıt" klubları bu gün səhər saatlarında ölkəni tərk etməyi planlaşdırsa da, bu, baş tutmayıb. Səfərin sabah gerçəkləşəcəyi gözlənilir. Hər iki klub aviaşirkətdən cavab gözləyir. Bakı klubu məşqlərini bu gün "İnter Arena"da davam etdirəcək.
"Qəbələ" isə qeyd olunan marşrutla ötən gün hərəkət etməli idi. Lakin hava şəraiti buna imkan verməyib və komandanın uçuşu dünən axşama planlaşdırılıb. Buna baxmayaraq, "Qəbələ" bu dəfə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından evə qayıtmalı olub. Bundan sonra klub yanvarın 11-də Antalyaya birbaşa yollanmağa qərar verib.
Qeyd edək ki, İstanbuldakı hava şəraiti ilə əlaqədar THY-nin yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1400-ü keçib. Bu gün də aviaşirkətin 121 reysi ləğv edilib. Uçuşların ləğv edilməsi səbəbindən 15 min sərnişin hotellərə yerləşdirilib, 40 min nəfərə zəruri ərzaq paylanıb. Dörd günlük zərərin dəyəri 100 milyon lirə (təxminən 28 milyon dollar) təşkil edir. Ötən gecə saat 00:00-a qədər bütün reyslərini ləğv edən şirkətin bir çox təyyarələri başqa hava limanlarına enmək məcburiyyətində qalıb.