9 Yanvar 2017
Mətni dəyiş
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç maraqlı açıqlamalar verib.
Şehiç əvvəlcə komandasının Antalya toplanışı haqda danışıb:
“İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən ilk iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı var idi. Biz legioner futbolçular öz ölkələrimizə getdik və ailələrimizlə vaxt keçirdik, məncə, tətil tam yerinə düşdü. Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq. Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik”.
Bosniyalı qolkiper mövsümün ilk yarısını da dəyərləndirib: “Hər il bizim üçün çətin olur. Geridə qalan həm yaxşı, həm pis günlərimiz oldu. Həm zədəlilərimiz, həm də cəzalılarımız oldu. Mövsümün ilk yarısı da bizim üçün uğurlu alındı. Avropa Liqasının qrup mərhələsində 7 xal topladıq, ilk dövrənin son oyunlarında komandamız xarakter göstərərək yenidən liderliyə yüksəldi. İndi isə qış təlim-məşq toplanışını dəyərləndirib, burada yoxlama oyunlarında əlimizdən gələni edib Premyer Liqaya tam hazır olmalıyıq”.
Şehiç ötən ili karyerasının ən uğurlu ili adlandırıb: “Ötən il mənim həyatımda ən uğurlu il oldu. Həm milli komandada, həm də "Qarabağ"da uğurlar əldə etdim. Bunun səbəbi də “Qarabağ”dır, bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etmişəm. Bu komandada keçirdiyim hər gündən həzz alıram”.
Son olaraq Şehiç "Qarabağ"dakı rəqabətdən danışıb: "Komandamızda hər mövqedə rəqabət var və hər kəs də komandaya xeyir vermək üçün əlindən gələni edir. Hər mövqedə 2-3 futbolçu olmalıdır. Hazırda da komandamızda 4 yaxşı qolkiper var ki, hər birimiz daim əsas heyətdə oynamağa hazırıq”.