Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2017-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 8 793,4 milyon manat, büdcə xərcləri isə 6 911,7 milyon manat təşkil etmişdir.
Abzas.net xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun mətbuat xidməti məlumat yayıb.
2017-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 976,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 957,8 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 12,9 milyon manat təşkil etmişdir.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 582,4 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 4 300,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82.5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 milyon manat vəsait ayrılmışdır. 11,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,0 milyon manat təşkil etmişdir.
2017-ci il oktyabrın 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 8,67% artaraq 36 milyard 20 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olmuşdur.