2017-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 7,56 milyard ABŞ dollarına çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Məlumata görə, hesabat dövründə Gürcüstanda ixracat 28,3 faiz artaraq (2016-cı ilin 9 ayı ilə müqayisədə) 1,94 milyard dollar olub. İdxalın da həcmi 7,4 faiz artıb və 5,62 milyard dollar təşkil edib.
Gürcüstanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 5,6 faiz artaraq 2,06 milyard dollar olub. Gürcüstandan sözügedən ölkələrə ixrac ilə ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artaraq 462 milyon dollara, idxal isə 2,3 faiz çoxalaraq 1,6 milyard dollara çatıb.
MDB dövlətləri ilə ticarət dövriyyəsi cari ilin 9 ayında 31,2 faizlik artaraq 2,42 milyard dollar təşkil edib. İxracat 59 faiz artımla 784,4 milyon dollar, idxal isə 21 faiz artaraq 1,64 milyard dollar olub.
Hesabat dövründə Gürcüstanın ən böyük ticarət dövriyyəsi Türkiyə ilə olub -1,11 milyard dollar. Bu göstərici ilə Türkiyə Gürcüstanın ticarət tərəfdaşları sırasında birinci yerdədir. Siyahıda 806 milyon dollarla Rusiya ikinci, 640 milyon dollarla Çin üçüncü yerdədir. Azərbaycan isə 567 milyon dollarla dördüncüdür.
Gürcüstan 2017-ci ilin 9 ayında ən çox Rusiyaya mal ixrac edib -273 milyon dollarlıq. Bu siyahıda ikinci yerdə 167 milyon dollarlıq malla Azərbaycan, üçüncü yerdə 165 milyon dollarla Türkiyə, dördüncü yerdə isə 160 milyon dollarla Çin dayanır. Həmin dövrdə Gürcüstan Türkiyədən 952 milyon dollarlıq mal idxal edib. Bu siyahıda ikinci yerdə Rusiya (532milyon dollar), üçüncü yerdə Çin (480 milyon dollar), dördüncü yerdə isə 399 milyon dollarla Azərbaycan dayanır.