“France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlamağa başlayıb.
Nüfuzlu nəşrin rəsmi saytı xəbər verir ki, hələlik açıqlanan “beşlik”də 222 milyon avroya İspaniyanın “Barselona” komandasından Fransa təmsilçisi PSJ-yə transfer olunan Neymar da yer alıb.
Braziliyalı ilə yanaşı, İspaniya “Real Madrid”indən Luka Modriçlə Marselo, İngiltərə təmsilçisi “Çelsi”dən N`Qolo Kante və İtaliyanın “Yuventus” klubundan Paulo Dibala siyahıda yer alıb.
Namizədlərin yekun siyahısındakı qalan 25 futbolçu gün ərzində açıqlanacaq.
“France Football” 1956-cı ildən “Qızıl top” mükafatını təqdim edir. 2008-ci ildən dünyanın ən yaxşı futbolçusu adına “Barselona”nın kapitanı Lionel Messi ilə “Real Madrid”in hücumçusu Kriştianu Ronaldu layiq görülüblər. Argentinalı 5, portuqaliyalı isə 4 dəfə “Qızıl top” alıb.