Cari ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12 mlrd. 45,1 mln. manat, xərcləri 12 mlrd. 783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Abzas.net xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib.
İlin 9 ayında dövlət büdcəsinin mədaxili 12,019 mlrd. manat proqnoza qarşı 12 mlrd. 45,1 mln. manat və ya 0,2% çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və ya 19,2% çoxdur. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə dövlət büdcəsinə 5 mlrd. 224,8 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1% çoxdur. Həmin vəsaitin 73,2%-i və ya 3 mlrd. 825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 117,8% əməl edərək dövlət büdcəsinə 1 mlrd. 950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və ya 17,9% çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4,3 mlrd. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275 mln. manat və ya 6% azdır. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9% çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250 mln. manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olub.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 4 mlrd. 320,3 mln. manat vəsait daxil olub.
Bu ilin 9 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7% və ya 12 mlrd. 783,7 mln. manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2 mlrd. 161,5 mln. manat və ya 20,3% çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 38,1%-i və ya 4 mlrd. 865,1 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və ya 7,8% çoxdur.
Cari ilin 9 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1666,1 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4,59 mlrd. manat icra olunub.
Hesabat dövründə dövlət büdcəsində 738,6 mln. manat kəsir (defisit) yaranıb. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və cari ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.
Cari ilin 9 ayında icmal büdcənin gəlirləri 17 mlrd. 586,9 mln. manat, icmal büdcənin xərcləri isə 16 mlrd. 972,4 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib.