Bu ildə ticarət müharibələri yaşanacağı proqnozlaşdırıldığı halda, qlobal ticarətin həcmində kəskin artım baş verib.
"Bloomberg" agentliyinin verdiyi xəbərə görə, Beynəlxalq Valyuta Fondu (IMF) 2018-ci ildə də bu trendin davam edəcəyini proqnozlaşdırır.
IMF 2017-ci ildə qlobal ticarət və xidmət dövriyyəsinin 4,2% artacağını ehtimal edir. Qeyd edək ki, 2016-cı ildə bu göstərici 2,4% təşkil edib. IMF-ə görə, bu il son 3 ildə ilk dəfə qlobal ticarət dövriyyəsinin artım tempi istehsal həcminin artım tempini qabaqlayacaq.
Cari vəziyyətdə ən çox mənfəəti nəhəng istehsalçı ökələr - Almaniya və Çin, elektronika istehsalında Cənubi Koreya əldə edəcək. İstehsal sektorunda fəallıq indikatorlarının artması onu göstərir ki, qlobal ticarət dövriyyəsində artım 2018-ci ildə də davam edəcək. Lakin buna baxmayaraq, proteksionizm təhlükəsi hələ də sovuşmayıb. ABŞ ədalətli ticarət prinsiplərinin bərpa edilməsi məqsədilə bir sıra ölkələrlə ticarət anlaşmalarına yenidən baxacağını bildirib.
Risklərə baxmayaraq, "Goldman Sachs" və "Barclays" kimi nəhəng banklar 2018-ci ildə dünya iqtisadiyyatının 4% artacağını proqnozlaşdırır.