Görülmüş tədbirlər nəticəsində Azərbaycanın bank sektorunda qeyri-işlək aktivlərin artması, eləcə də əmanətlərin bank sektorundan axması prosesi dayanıb.
Bunu Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.
“Son 7 ayda banklardakı əmanətlər 5,2% və yaxud 361 mln. manat artıb. Digər sevindirici trendlər də var. Məsələn, bankların xərclərini optimallaşdırmasına baxmayaraq, sektorun işçi heyəti artmaqdadır. Kreditləşmədə də müəyyən canlanma hiss olunur. Məsələn, İKT, kənd təsərrüfatı sektorlarına verilən kreditlər artmaqdadır”, - deyə, o qeyd edib.
Bundan başqa, İ.Alışovun sözlərinə görə, ölkənin aparıcı bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) kiçildilməsi davam etdirilir: “Bu il ABB-dən “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına 4,3 mlrd. manatlıq aktiv ötürülüb. Ümumilikdə isə son vaxtlar bankın aktivləri, təxminən, 13 mlrd. manatdan 7 mlrd. manata, onun bazar payı isə 41%-dən 27%-ə endirilib. Gözlənildiyi kimi, ABB 2018-ci ildə özəlləşdiriləcək”.